Bir gündə 1300 nəfər koronavirusa yoluxub, ölü sayı 4634-ə çatıb

Bir gündə 1300 nəfər koronavirusa yoluxub, ölü sayı 4634-ə çatıb

12 Mart, 10:56 Sosial mediada paylaşın:

Dünyada koronavirusa yoluxanların sayı ötən gecədən bəri daha 1300 nəfər artıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, koronavirus aşkarlanmış xəstələrin sayı 126 300 nəfəri ötüb. COVID-19 virusundan ölənlərin sayı isə 4634-ə yüksəlib. Bununla belə 68 mindən çox pasiyentin sağaldığı bildirilir. 

Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusun pandemiyaya çevrildiyini elan etdikdən sonra ABŞ Avropa ölkələri ilə əlaqələri dayandırıb. Prezident Donald Tramp bildirib ki, 1 ay müddətinə Avropadan sərnişin və yük daşımaları qadağan edilir. Qitədə qalan Amerika vətəndaşları isə ciddi yoxlamadan sonra ölkəyə buraxılacaqlar. Məhdudiyyət Böyük Britaniyaya şamil edilmir. Tramp, həmçinin Avropa ölkələrini xəstəliklə bağlı vaxtında tədbir görməməkdə ittiham edib.

İndiyədək 109 nəfərin yoluxduğu Kanadada da kütləvi tədbirlər məhdudlaşdırılıb. Hökumətin son qərarı ilə 500 nəfərdən çox adamın iştirak edəcəyi tədbirlər qadağan edilib. Muzey və sərgilərə qrup halında girişə icazə verilmir. 

Avropada xəstəliyin yayılmasına görə İtaliya yenə 1-ci yerdədir. Burada virusa yoluxanların sayı 12 462 nəfərdir. Onlardan 827-si dünyasını dəyişib. Sutka ərzində Belçika, İsveç, İsveçrə və Niderlandda yeni ölüm halları qeydə alınıb.

Virusun ilk dəfə aşkar edildiyi Çində son sutkada 11 nəfər həyatını itirib. Bu, özlüyündə panpidemiyanın zəifləməsi kimi qəbul olunur. Ölkədə virusdan ölənlərin sayı 3169-a, yoluxanların sayı isə təxminən 80 800 nəfərə çatıb. Xəstəliyin ocağı olan Uhan şəhərində müəssisələr fəaliyyətini bərpa etməyə başlayıb.

COVID-19 virusu idman tədbirlərinin proqramına da təsir edib. İtaliya, Almaniya və Fransanın dövlət qurumları futbol yarışlarının tamaşaçısız keçirilməsi barədə razılığa gəliblər. Fransada 18 aprelə təyin edilmiş motosiklet yarışı oktyabradək təxirə salınıb.

Vüqar Ələsgərov

CANLI YAYIM