Regionlarda koronavirusa qarşı tədbirlər davam edir: Dezinfeksiya işləri aparılır

Regionlarda koronavirusa qarşı tədbirlər davam edir: Dezinfeksiya işləri aparılır

9 Mart, 20:06 Sosial mediada paylaşın:

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 110 min nəfəri keçib. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə virusdan ölənlərin sayı 3831 nəfər olub. Dünya üzrə xəstəlikdən sağalanların sayı isə 62 min 300 nəfəri keçib.

Azərbaycanda da xəstəliyin yayılmasının qarşısını alamaq üçün kompleks şəkildə profilaktik tədbirlər görülür. Belə ki, epidemiya ilə bağlı bölgələrdə tibbi-proflaktik vəziyyətə nəzarət gücləndirilib. Ağcabədi rayonunun təhsil müəssisələrində və digər ictimai yerlərdə də  Gigiyena və Epidemologiya şöbəsi tərəfindən tərtib edilən qrafik əsasında dezinfeksiya işləri həyata keçirilir. Bu günədək 62 ümumtəhsil məktəbi dərmanlanıb, 36 uşaq baxçasında isə proses iki dəfə həyata keçirilib. Dezinfeksiya işləri 12 məscidi, bank filiallarının binalarını da əhatə edib. Qarşıdakı günlərdə məktəblərdə dezinfeksiya işləri ikinci dəfə görüləcək. Proflaktik tədbirlər həmçinin insanların sıx toplaşdıqları ərazilərdə, səhiyyə və mədəniyyət ocaqlarında da həyata keçirilir. Ağcabədinin Gigiyena və Epidemologiya Mərkəzinin direktoru Mahir Məmmədov bildirib ki, martın 27-nə qədər məktəblərə və uşaq baxcalarına tətil verildiyi üçün heç olmasa 3 dəfə dərmanlama işləri aparmaq istəyirlər: “Biz öz idarəmizdə 4 qrupdan ibarət dezinfeksiya işçiləri təşkil etmişik. 3 qrupumuz hazırda kəndlərdə məscidlərdə dezinfeksiya aparırlar”.

Koronavirusla əlaqədar tədbirlər Qazax rayonunda da həyata keçirilir. Artıq yeni istifadəyə verilən rayonun mərkəzi xəstəxanası koronavirus əleyhinə dezinfeksiya edilib. Bundan əlavə, səhiyyə ocağına daxil olan avtomobillər də giriş qapısında xüsusi məhlulla dərmanlanır. Orta məktəblər, uşaq bağçaları və məktəbdən kənar təhsil ocaqları da prosesə cəlb edilib. Bundan əlavə “Qırmız Körpü” Sərhəd Keçid Məntəqəsində xüsusi həkim qrupları fəaliyyət göstərir.Onlar sutkalıq növbə ilə keçid məntəqələrində qabaqlayıcı tədbirlər görürlər.

Onu da qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın məlumatına görə, ölkədəki sanitar-epidemoloji vəziyyət tam nəzarətdə saxlanılır.

Alməmməd Nəbiyev

CANLI YAYIM