Quba artıq təkcə alması ilə deyil, həm də gilası ilə məşhurlaşır: Xarici bazarlarda böyük tələbat

Quba artıq təkcə alması ilə deyil, həm də gilası ilə məşhurlaşır: Xarici bazarlarda böyük tələbat

6 Mart, 13:10 Sosial mediada paylaşın:

Quba daha çox alması ilə tanınsa da, son illərdə fermerlər alıcısı çox, qiyməti sərfəli olan gilas yetişdirməyə də maraq göstərirlər. Gilas bağları ildən ilə genişləndirilir. Hazırda rayonda 600 hektara yaxın gilas bağı var.

Gilasçılıq təsərrüfatına meylin artmasına səbəb isə ölkəmizdə yetişdirilən bu məhsula xarici bazarlarda böyük tələbatın olmasıdır. Əvvəlki illərdən fərqli olaraq indi fermerlər daha məhsuldar olan superintensiv bağların salınmasına üstünlük verirlər.

Meyvə ağaclarının yaxşı inkişaf etməsi üçün gövdələrinin əhənglə rənglənməsi zəruridir. Bu, onu həşəratlardan və günəş şüalarından qoruyur. Belə ki, gündüz gövdə günəş şüasından qızır, axşam isə soyuyur, nəticədə gövdədə çatlar əmələ gəlir. Həmin yerlərdə inkişaf edən göbələk və həşəratlar isə ağacın zəifləməsinə səbəb ola bilər.

Mart ayının ortalarınadək bağlarda bordo mayesi və yaz yağları ilə çiləmə aparılacaq. Sonrakı mərhələlərdə, yəni məhsul yetişənə kimi ağaclara gübrə və su veriləcək, zərərvericilərə qarşı tədbirlər görüləcək. İyun ayından başlayaraq toplanan meyvə daha çox xarici bazarlara çıxarılır. Ötən il Qubadan təkcə Rusiya bazarlarına təxminən 20 milyon manatlıq gilas ixrac olunub.

Elnur Teymurov

CANLI YAYIM