17-ci “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı - Kürdəmirdə bahar ab-havası

2 Mart, 16:57 Sosial mediada paylaşın:

Fevralın 12-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan  Kürdəmir “ASAN xidmət” mərkəzi artıq vətəndaşların istifadəsindədir.

Bu, Azərbaycanda 17-ci “ASAN xidmət” mərkəzidir. Kürdəmir “ASAN xidmət” mərkəzi Kürdəmir, Hacıqabul, Ağsu, Göyçay, Ucar və Zərdab rayonlarında qeydiyyatda olan 540 400-dən çox vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək.

“ASAN xidmət” mərkəzlərindən 5-i Bakıdadır. Digər 12-si isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı və Kürdəmirdədir. 

Kürdəmir “ASAN Həyat” kompleksinin tikintisinə 2018-ci ilin iyununda başlanılıb. Ayrılan 2 hektardan çox ərazidə “ASAN Həyat” kompleksinin inzibati binası, uşaq meydançası, fontan və oturacaqlar, istirahət meydançası, avtodayanacaq, 124 yerlik çay evi, 80 və 108 yerlik yay kafeləri, 64 yerlik demontaj olunan yay kafesi, 12 yerlik kinoteatr və 191 yerlik restoran, “ABAD Food Hall” yaradılıb. Fasadlarda müasir tendensiyaya uyğun olaraq ən müasir alman texnologiyasından istifadə edilib. Mərkəzdə əməkdaşların sayının 259, könüllülərin isə 45 nəfər olması nəzərdə tutulur. Kürdəmir regional “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları,  həmçinin özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə 320 xidmət həyata keçirilir.         

Kürdəmir “ASAN Həyat” kompleksində “ASAN Həyat” Bahar Festivalı da keçirilir. Martın 3-dək davam edəcək festivalda Novruz atributları və bahar əhval-ruhiyyəsini əks etdirən sərgilər, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkası təşkil olunub, həmçinin bölgələrimizdə yaşayan müxtəlif xalqların milli-mənəvi dəyərləri, folkloru, musiqi və mətbəxi nümayiş etdirilir.

Festival çərçivəsində tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı və milli personajlardan ibarət bayram tamaşaları, kəndirbaz oyunları, pəhləvan və idmançıların çıxışları da reallaşdırılır. Həmçinin “ABAD” məhsullarından hazırlanan “fast food”ların satışı həyata keçirilir. Festivalda xarici ölkələrin Azərbaycandakı diplomatik korpusları ölkələrinə məxsus adət-ənənələrə dair guşələr təqdim edirlər.

“ASAN Həyat” Bahar Festivalının məqsədi Novruz ənənələrinin yaşadılması, bayram əhval-ruhiyyəsinin artırılmasına töhfə vermək, eyni zamanda insanlar arasında birlik və mehribanlığı möhkəmləndirməkdir.

Vəfa Ağabalayeva