TAP bizə nə qazandıracaq? - TƏHLİL

TAP bizə nə qazandıracaq? -TƏHLİL

27 Fevral, 18:02 Sosial mediada paylaşın:

Layihənin icrası 92 faiz həyata keçirilib

Məlum olduğu kimi, Cənub Qaz Dəhlizi Azərbaycan qazını region ölkələrindən – Gürcüstan və Türkiyədən keçərək, Avropanın mərkəzinə qədər çatdıracaq. Dəhliz 4 hissədən ibarətdir: Şahdəniz Mərhələ-II, Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri (TAP).
2018-ci il iyunun 30-da “Şahdəniz-2” çərçivəsində Türkiyəyə qaz nəqlinə başlanılıb.

Cənubi Qafqaz Boru Kəməri Şahdəniz yatağından hasil olan qazın Gürcüstana çatdırılması və oradan nəqlini nəzərdə tutur.

Cənub Qaz Dəhlizinin üçüncü mərhələsi olan TANAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq.

Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran, “Enerjinin İpək yolu” adlandırılan TANAP layihəsi 2018-ci ilin iyunun 12-də istifadəyə verilib. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşdirilib.

Nəhayət, Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin - TAP-ın işə düşməsi ilə Azərbaycan qazı Avropa bazarlarına çıxmış olacaq. Bu xəttin cari ilin sonuna qədər hazır olması gözlənilir.

Prezident İlham Əliyevin İtaliyaya bu günlərdə gerçəkləşən dövlət səfərində TAP layihəsi ilə bağlı müzakirələrə xüsusi diqqət ayrıldı.

Prezident İlham Əliyev: “Azərbaycan uzun illərdir ki, İtaliyanı xam neftlə təchiz edir. Azərbaycandan gələn xam neft İtaliyanın istehlakının 18 faizini təşkil edir və Azərbaycan birinci yerdədir. TAP layihəsinin uğurla başa çatması nəticəsində Azərbaycan və İtaliya bundan sonra onilliklər ərzində qaz sahəsində çox etibarlı tərəfdaşlar kimi birgə fəaliyyət göstərəcəklər. TAP layihəsi başa çatmaq üzrədir. Layihənin icrası 92 faiz təşkil edir və bildiyiniz kimi, TAP Cənub Qaz Dəhlizinin 4-cü seqmentidir. Bu günə qədər digər 3 seqmentdə işlər tamamilə başa çatıb. Əminəm ki, bu ilin sonunda biz layihənin tam istismara verilməsini qeyd edəcəyik”.

Ümumiyyətlə, neft alıcısı kimi Azərbaycanın ən mühüm tərəfdaşlarından olan İtaliyanın (bu ölkənin xam neft istehlakının 17 faizi Azərbaycanın payına düşür) ölkəmizin qaz ehtiyatlarının da əsas istehlakçılarından biri olacağı gözlənilir.

Azərbaycanın qlobal miqyasda ən böyük tərəfdaşı olan İtaliyanın Azərbaycanın əsas qaz alıcı olması iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrini bir qədər də möhkəmləndirəcək.

Ekspertlər hesab edir ki, bu, yalnız İtaliya ilə Azərbaycan arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə deyil, eyni zamanda Xəzər dənizi və Aralıq dənizi regionlarında sabitliyin qorunmasına töhfə verəcək. Sıxlaşan iqtisadi əməkdaşlıq siyasi dialoqu dərinləşdirəcək, müttəfiqlik əlaqələrini möhkəmləndirəcək.

Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 92 faizi tamamlanıb. Xatırladaq ki, layihə üzrə kapital xərclər 4,5 milyard avrodur. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Beləliklə, layihənin tam olaraq işə düşməsi Azərbaycan üçün bir sıra mühüm dividendlər qazandıracaq:

Birincisi, ölkəyə böyük həcmdə valyuta daxil olacaq ki, bu da yeni sosial və infrastruktur layihələri icra etməyə imkan verəcək.

İkincisi, dəhlizin üzərində yerləşən bütün ölkələrlə Azərbaycan olduqca sıx siyasi tərəfdaşlıq qazanacaq.

Üçüncüsü, alternativ satış mənbələrinə maraq göstərən Avropa Azərbaycanın simasında etibarlı tərəfdaş qazanmaqla digər satıcılardan asılılığı aradan qaldırmış olacaq. Bu isə ölkəmizin Avropanın enerji təchizatındakı artan rolu və rəsmi Bakının beynəlxalq siyasi münasibətlərdəki reputasiyasının da artmasını şərtləndirəcək.

Dördünücüsü, bütün bu layihələr yeni əməkdaşlıq istiqamətlərini ortaya çıxaracaq, bütün iştirakçı ölkələrin xalqlarının rifahına xidmət edəcək və təhlükəsizlik üçün əlavə qaranta çevriləcək.

Vüsal Məmmədov

 

 

CANLI YAYIM