Xocalılılara dövlət qayğısı: mənzillə təmin edilirlər, pensiya və müavinət alırlar

Xocalılılara dövlət qayğısı: mənzillə təmin edilirlər, pensiya və müavinət alırlar

26 Fevral, 17:34 Sosial mediada paylaşın:

Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan xocalılılar da digər məcburi köçkünlər kimi dövlətin qayğısı ilə əhatə olunublar.

Xocalıdan olan məcburi köçkün ailələri paytaxtla yanaşı, müxtəlif bölgələrdə mənzillərlə təmin olunublar.

Xocalı sakini 63 yaşlı Nuridə Musayeva da dövlət qayğısı ilə əhatə olunub. O, həmin hadisələr zamanı 14-ə yaxın qohumunu, o cümlədən iki bacısını itirib. Uzun müddət paytaxtın müxtəlif ərazilərində məskunlaşan ailə hazırda dövlətin ayırdığı vəsait hesabına salınan “Qobu Park” yaşayış kompleksində 4 otaqlı mənzillə təmin olunub.

Soyqırımı zamanı hər iki valideynini itirmiş uşaqlar müvafiq sosial təminat növləri, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş yaş dövrünə qədər ailə başçısını itirməyə görə sosial müavinət və ya pensiya ilə təmin olunublar.

Xocalı soyqırımı zamanı sağlamlığını itirən şəxslər əlilliyə görə aylıq pensiya və müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdünü, həmçinin I dərəcə əlilliyi olanlara qulluq edənlər Prezidentin aylıq təqaüdünü alırlar.

Xocalı şəhərindən olan məcburi köçkünlər də digər məcburi köçkünlərlə yanaşı, aylıq müavinətlə təmin edilirlər. Bu müavinətin məbləği ötən il 50 faiz artırılıb.

Qeyd edək ki, indiyədək şəhid ailələri və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev təqdim edilib. Şəhid ailələrinin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil təminatı bu il də davam etdiriləcək. 2020-ci ildə hədəf bu kateqoriyadan olan 1500 vətəndaşımızın mənzil və fərdi evlərlə təmin edilməsidir.

Eyni zamanda, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əlilliyi olan şəxslərə 2019-cu ildə 600 nəqliyyat vasitəsi verilib. 2020-ci ildə də avtomobil təminatı proqramı davam etdiriləcək.

Prezident İlham Əliyevin tapşırığına əsasən, həssas qrupların sosial rifah halının yaxşılaşdırılması ilə bağlı icra edilən sosial proqramlar əhəmiyyətli şəkildə genişləndirilir.

Tural Qurbanov

CANLI YAYIM