Azərbaycan son 3 ildə qızıl və gümüşdən 400 milyon manat qazanıb - REPORTAJ

Azərbaycan son 3 ildə qızıl və gümüşdən 400 milyon manat qazanıb -REPORTAJ

25 Fevral, 15:17 Sosial mediada paylaşın:

2019-cu ildə qiymətli metalların satışından ölkə iqtisadiyyatına ümumilikdə 145 milyon manat məbləğində vəsait daxil olub. Bu gəlirin təxminən 142 milyon manatı qızılın, qalanı isə gümüşün satışı hesabına formalaşıb. Bu il üçün qızıl və gümüşün satışına dair hədəflər də müəyyənləşdirilib.

Xüsusilə, son iki ilin əsas investisiya alətlərindən hesab edilən qızılın dünya bazarında dəyər qazanması ölkəmizə də valyuta axınını sürətləndirir. Belə ki, Azərbaycan qızıl hasılatını artırmaq niyyətindədir, “AzerGold” QSC 2020-ci il üçün qızıl və gümüşün satışına dair hədəfini artıq müəyyənləşdirib - 55,2 min unsiya qızıl, 103,7 min unsiya gümüş satışı. Ümumilikdə 3 il ərzində 173 min unsiyadan çox qızıl və 290 min unsiya həcmində gümüşün satışından ölkə iqtisadiyyatına 400 milyon manata yaxın həcmdə vəsait cəlb edilib. Daşkəsən rayonunun şimal hissəsində yerləşən Çovdar yatağının cinahları - Ağyoxuş və Mərəh sahələrinin istismara verilməsi ilə hasilatın artacağı istisna edilmir.

Çovdar yatağının yeraltı-sulfid fazasının 2024-cü ildə istismara verilməsi nəzərdə tutulub. Göygöl rayonunda yerləşən “Tülallar” yatağının da şimal hissəsində hasilata start vermək üçün işlər davam etdirilir.

Görüləcək işlər bununla yekunlaşmır. Avropanın ən iri yataqlarından biri və dünyada polimetal yataqlarının ilk onluğuna daxil olan “Filizçay” yatağının istismarına 2025-ci ildən başlanılacaq. Yatağın 1-ci fazası üçün ilkin hesablanmış sink, qızıl, gümüş, mis və qurğuşundan ibarət filiz ehtiyatları 60 milyon tona yaxın proqnozlaşdırılır. O ki qaldı ölkədə hasil edilən qızılın saflaşdırılmasına, ekspertlər hesab edir ki, bu hələ ki rentabelli deyil.

Ekspertlər onu da deyir ki, ölkənin zərgərlik bazarı inkişaf edərsə, bu tip müəssisəsələrin Azərbaycanda qurulması effektiv ola bilər.

Məlumat üçün bildirək ki, “Azərgold” QSC zərgərlik məhsullarının istehsalı üçün qızıl və gümüş satışına da start verib.

Son geosiyasi hadisələrlə bağlı dünya birjalarında qızılın bir unsiyası 1700 dollara yaxınlaşır. Bu isə Azərbaycana da təsirsiz ötüşməyəcək, başqa sözlə, ölkə büdcəsinə daxil olan vəsaitin həcmi artacaq.

Sədaqət Süleyman

CANLI YAYIM