Xocalı yetişən nəslin şüurunda... - Gənclərimiz nə qədər məlumatlıdır?

Xocalı yetişən nəslin şüurunda... - Gənclərimiz nə qədər məlumatlıdır?

26 Fevral, 15:36 Sosial mediada paylaşın:

Xocalı Azərbaycan xalqının yaddaşında qanlı faciə kimi yaşayır. Bu həqiqətlərin dünyaya çatdırılması isə yetişən gənclərimizdən asılıdır. Bəs tarixin əsl üzü, həqiqətlər, azərbaycanlılara qarşı törədilən vəhşiliklər haqqında gənclərimiz nə qədər məlumatlıdırlar? Ümumiyyətlə yetişən nəslin Xocalı təəssüratları məktəblərdə formalaşırmı?

Bu gün dünya həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasında şagirdlərin maarifləndirilməsi mühüm rol oynayır. Şagirdlərin isə əsl vətəndaş kimi formalaşması məktəblərdən başlayır. Hər bir şagird ölkə daxilində olmaqla yanaşı, ölkə xaricində də bu acı həqiqətlərin çatdırılmasında əsas rol oynayır. Onların əsl vətənpərvər kimi böyüməsi isə müəllimlərdən asılıdır.

Gənclərdə və şagirdlərdə milli mənlik şüurunun inkişafı, onlarda vətənpərvərlik hisslərinin artırılması hər zaman prioritet istiqamətlərdən hesab edilib. İstər dövlət və onun müvafiq qurumları, istərsə də qeyri-hökumət təşkilatları və təhsil müəssisələri bu məsələyə ciddi diqqət yetirir. Gənclərin vətənpərvər ruhda tərbiyəsi, onlarda Vətənə, millətə sevgi hissinin artırılması istiqamətində çoxsaylı layihələr, tədbirlər həyata keçirilir.

Şagirdlərin, yetişən nəslin də faciədən xəbərdar olması, soyqrımı ilə bağlı ətraflı məlumata yiyələnməsi üçün hər il məktəblərdə müxtəlif tədbirlər həyata keçirilir, kompozisiyalar təşkil edilir. Faciə ərəfəsində paytaxtda yerləşən “Ana harayı” abidəsinə məktəblilərin ekskursiyası reallaşdırılır. Bununla yanaşı, müxtəlif esse və rəsm müsabiqələri, həmçinin faciənin təfərrüatını əks etdirən çıxışlar təşkil olunur.

Xocalı soyqırımını unutmamaq və unutdurmamaq üçün kitablar çap edilir, təbliğat materialları paylanılır, abidələr ucaldılır, filmlər çəkilir.

Bəli, bu gün şagirdlərin təfəkküründə Xocalı soyqırımı haqqında təəssüratların formalaşdırılması üçün müxtəlif addımlar atılır. Amma ekspertlər hesab edirlər ki, bununla kifayətlənmək olmaz.

Uzun illərdir ki, qondarma soyqırımı iddialarını düşmən öz məqsədləri üçün gündəmdə saxlamağa çalışır. Özü də hər hansı fakt olmadan. Amma Xocalı soyqırımı haqqında faktlar və sübutlar yetərincədir. Bu faktların tarixdən silinməməsi üçün, dünyaya car çəkilməsi üçün isə, xüsusən şagirdlərin, yetişən nəslin faciə ilə bağlı məlumatlandırılmasına böyük ehtiyac var. Məktəbdən başlanan bu müqəddəs missiyaya töhfə vermək isə hər birimizin borcudur.

Nuray Mustafa

CANLI YAYIM