7 məscid, 7 bulaq, 7 məhəllə, Nuru paşanın qaldığı ev - “Gün-Ellə səyahət” Lahıc və Basqalda

24 Fevral, 14:15 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının “Gün-Ellə səyahət” verilişinin növbəti buraxılışının çəkilişləri İsmayıllı rayonunda aparılıb.

Verilişdə rayonun gəzməli-görməli yerləri barədə danışılıb. Tamaşaçılara həmin yerlərdən görüntülər təqdim olunub.

Əvvəlcə ölkəmizin ən turistik məkanlarından olan Lahıcdan söz açılıb. Qeyd olunub ki, 7 rəqəmi Lahıcda simvolik məna daşıyır: 7 məscid, 7 bulaq, 7 nəsildən bu günə kimi yaşadılan misgərlik sənəti, 7 məhəllə. Ən maraqlısı isə odur ki, Lahıc 7 dağın əhatəsində yerləşir.

Əhalinin əksəriyyətini tatlar təşkil edən Lahıc rayonun paytaxtı hesab olunur.

Lahıc deyəndə yada küçələr boyunca sırayla düzülən sənətkarlıq emalatxanaları, fərqli memarlıq üslubu, tarixi tikililər, buz bulaqlar düşür.

Lahıc həm də misgərliyin mərkəzidir. Verilişin aparıcısı Günel Habilqızı misgərlik sənətini yaşadan ustayla həmsöhbət olub.

“Gün-Ellə səyahət”də, həmçinin Lahıcı orijinal edən şəhərsalmadan və memarlıq ənənlərinin qorunmasından da söz açılır. Belə ki, Lahıcda evlər dağ daşından tikilib. Maraqlısı isə odur ki, əsrlər keçməsinə baxmayaraq, zəlzələlər də bu evlərə ziyan vura bilməyib.

Lahıc Azərbaycanda çox az qədim yaşayış məskənlərindəndir ki, kanalizasiya sisteminə malikdir. Sözügedən sistem yüzilliklərdir ki, Lahıcda var.

Daha sonra verilişdə İsmayıllının tarixi abidələrindən danışılıb və onlar barədə ətraflı məlumat verilib.

“Gün-Ellə səyahət” İsmayıllının daha bir məşhur qəsəbəsinə - Basqala da yollanıb. Basqaldakı ən qədim tikili, qəsəbənin ən hündür nöqtəsi – Basqal qalasının yerləşdiyi nöqtə, Qoşabulaq məhəlləsi, Dəmirçibazar məhəlləsi, Dərə məhəlləsi, Basqalın ən qədim məhəlləsi – Kələpçə, Bazar meydanı da, bundan başqa, Nuru paşanın Basqala səfər edərkən qaldığı bina da verilişdə nümayiş olunub.