"Sayt təhqir yazsa, bu, onu maliyyələşdirən klubun sifarişi kimi qəbul ediləcək"

21 Fevral, 18:15 Sosial mediada paylaşın:

Bu gün Azərbaycan Radiosu 105 Fm-də yayımlanan "Extra time" verilişində İlkin Babanın qonağı Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) rəhbəri Qabil Mehdiyev olub. Federasiya rəhbəri təhqirə və böhtana yol verən saytlara qarşı atılacaq addımdan danışıb:

"Bizim federasiyanın hər hansı bir cəza mexanizmi yoxdur. Amma bütün idman federasiyaları, klublarla memorandum imzalayacağıq və onların qarşısında şərt qoyacağıq. Əgər idman mediasında inkişafa dəstək vermək istəyirsinizsə, bizimlə əməkdaşlıq edin. Amma bir şərtlə. Əgər sizin maliyyələşdirdiyiniz online media, sayt təhqirə yol verirsə, siz də avtomatik olaraq həmin təhqirin iştirakçısı, dolayı yolla sifarişçisi olursunuz. Belə olan halda biz həmin sayta dəstək olan federasiya və ya kluba müraciət edəcəyik ki, reklam müqavilənizə yenidən nəzər salın. Belə olanda da həmin qurumlar o saytlarla reklam əməkdaşlığında ehtiyat edəcəklər".