İtaliya Prezidenti: “Azərbaycan keçən əsrdə modernləşmə prosesinin baş qəhrəmanı oldu”

İtaliya Prezidenti: “Azərbaycan keçən əsrdə modernləşmə prosesinin baş qəhrəmanı oldu”

21 Fevral, 15:55 Sosial mediada paylaşın:

“Azərbaycanın Xəzər dənizi və Aralıq dənizi arasında körpü rolu oynaması digər tərəfdən də bu gün Cənub Qaz Dəhlizinin tamamlanmasına güclü təsir edir”.

Bu sözləri İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə verilən dövlət ziyafəti zamanı çıxış edərkən deyib.

O bildirib ki, TAP layihəsinin yekunlaşması ilə Azərbaycan qazı İtaliyaya nəql ediləcək: “Bu da Avropa İttifaqının enerji siyasətinin əsası olan marşrutların və mənbələrin şaxələndirilməsi üçün önəmli bir göstəricidir. Bu siyasəti xarakterizə edən seçimləri hər zaman dəstəkləyən İtaliya Brüssel ilə yeni tərəfdaşlıq sazişinin imzalanması vasitəsilə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin daha da möhkəmlənməsinə müsbət baxır. Eyni istiqamətdə Bakı və Atlantik Tərəfdaşlıq Şurası arasındakı Aralıq dənizi sahəsində bütün maraqlı ölkələr üçün həyati əhəmiyyətə malik olan və sabitləşməyə töhfə verən sərfəli əməkdaşlıq davam edir. Azərbaycan və Avropa arasında əlaqələrin möhkəmlənməsi fərqli mədəniyyətlər və dinlərin daha ahəngdar birgəyaşayışı üçün əlverişli şəraitin yaranmasına imkan verə bilər”.

Sercio Mattarella qeyd edib ki, Azərbaycan öz enerji ehtiyatları ilə keçən əsrdə dünyada gedən əhəmiyyətli modernləşmə prosesinin baş qəhrəmanı oldu: “Bu gün İtaliya Respublikası Sizin rəhbərliyinizlə Azərbaycanın iqtisadi, mədəni və sosial inkişaf yolunda addımlamasına dərin hörmət hissi ilə baxır. Qlobal səviyyədə birinci ticari tərəfdaş kimi Roma Sizin idarəetməniz sayəsində başladılan iqtisadiyyatın şaxələndirilməsi prosesində Azərbaycan Respublikasının yanında olmaq niyyətindədir və ətraf mühitin qorunmasına yönəldilmiş texnoloji innovasiyalara açıq elmi və sənaye yenilikləri ilə töhfə verməyə hazırdır.

Bundan əlavə, illərdir ki, ölkələrimiz çoxtərəfli sahələrdə, xüsusən də ikitərəfli əməkdaşlığımızda əhəmiyyətli şəkildə seçilən energetika və sənaye sektorlarında, həmçinin mədəni və sosial əhəmiyyətli təşəbbüslər daxil olmaqla, bir sıra uğurlu əməkdaşlıqlara imza atmışdır.

Xüsusi məmnunluq hissi ilə qeyd etmək istərdim ki, italyan dili və mədəniyyəti artan marağa səbəb olur. Mən inanıram ki, elm, texnologiya və təhsil sahələrində bağlanmış sazişlər bizim xalqlarımız arasında mövcud olan qarşılıqlı anlaşmanı və dostluğu daha da gücləndirəcək.

Bu axşamkı konsert yalnız Azərbaycan yaradıcılığının qeyri-adiliyini deyil, həmçinin Azərbaycan və İtaliya arasında mövcud dərin mədəni oxşarlıqları bir daha sübut edir. Təsadüfi deyil ki, proqram İslam dünyasında ilk opera olan, keçən əsrin əvvəllərində Bakıda səhnələşdirilən və elə o dövrdən etibarən bizim mədəniyyətlərin yüksək sintezini ifadə edən, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsərinin məşhur bir parçası ilə başlayacaq.

Cənab Prezident, ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir. Sizin tarixi əhəmiyyətli dövlət səfəriniz də əminəm ki, bunu daha da gücləndirməklə strateji sektorlarda əməkdaşlığı inkişaf etdirərək Bakı və Roma arasında dostluğun təşviqinə töhfə verəcək”.

CANLI YAYIM