2030-cu ilə kimi Azərbaycanda enerjinin 30 faizi təbiətdən əldə ediləcək

2030-cu ilə kimi Azərbaycanda enerjinin 30 faizi təbiətdən əldə ediləcək

20 Fevral, 11:29 Sosial mediada paylaşın:

Günəşli Azərbaycan, küləkli Abşeron yarımadası. Bu təbii resurslar Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına töhfə verməyə hazırdır. Artıq  layihələr də var. Bərpa olunan enerji layihələri çərçivəsində Səudiyyə Ərəbistanının “ACWA Power” və  Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə müqavilələr imzalanıb. Müqavilələrə əsasən, “ACWA Power” şirkəti ilə 240 meqavatt gücündə külək, “Masdar” şirkəti ilə isə 220 meqavatt gücündə günəş elektrik stansiyalarının tikintisi layihələri icra olunacaq. Hər iki layihəyə 400 milyon dollar xarici sərmayə yatırılacaq.  

“ACWA Power” şirkətinin icraçı direktoru Tom Terlink bərpa olunan enerji sahəsində ölkəmizin böyük potensialının olduğunu deyib.

440 MVt gücündə bərpa olunan enerji layihələrinin işə düşməsindən sonra ildə 300 milyon kubmetrədək qaza qənaət imkanı yaranacaq ki, bu da ölkə əhalisinin qaza olan tələbatının 10 faizini təşkil edir. Müqayisə üçün deyək ki, 440 MVt elektrik enerjisinin həcmi Naxçıvan Muxtar Respublikasının illik olaraq istifadə etdiyi miqdardan çoxdur və ya təxminən 200 min ailənin enerji təminatına bərabərdir.

Məlumat üçün bildirək ki, bu gün ölkənin elektrik enerjisinin təminatı üçün il ərzində 5 milyard kubmetr mavi yanacaq sərf olunur. Əhali kontingentinin istehlakı isə 3 milyard kubmetrə bərabərdir.

Ümumilikdə isə bu gün Azərbaycanda bərpa olunan enerjinin qoyuluş gücünün payı 17 faiz təşkil edir. Hədəf 2030-cu ilə qədər ölkədə istehsal olunan enejinin 30 faizinin bərpa olunan enerjidən əldə edilməsinə nail olmaqdır. Bütün bunlar barədə ADA Universitetində keçirilən “Bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı üzrə təlim – seminar”da  danışılıb.  Ötən il ölkə üzrə elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin payı 7,3 faiz təşkil edib. Qalan 93 faiz elektrik enerjisini istehsal etmək üçün təbii qazdan istifadə olunub. Azərbaycanda elektrik enerjisinin əldə edilməsində daş kömürdən və dizeldən, demək olar ki, istifadə edilmir. Bu da qlobal istiləşmə şəraitində ekologiyanın qorunmasına töhfədir.

Əli Rzayev

CANLI YAYIM