Paşinyanın Münxen rəzaləti Ermənistan xalqını hiddətləndirib - Ölkə yeni inqilab astanasında

17 Fevral, 16:32 Sosial mediada paylaşın:

Ermənistanın baş naziri Nikol Paşinyanın Münxendə çətin vəziyyətə düşməsi və özünü biabır etməsi işğalçı ölkənin ictimaiyyətini hiddətləndirib. Bildirilir ki, Ermənistan yeni inqilabın tam asatanasındadır.

Ermənistan keçmiş Təhsil naziri Armen Aşotyan öz tvitter səhifəsində yazıb ki, Paşinyan yalan danışmaqdansa, özünün diktatorluq etdiyi ölkəsi barədə danışsa, daha yaxşı olardı: “Paşinyan sanki bir ölkənin baş naziri yox, tarixçi kimi yenə Avropada çıxışlar edərək publikanı çaşdırmağa çalışır. Sən hansı ədalətdən, reallıqlardan danışırsan? Sənin rəhbərlik etdiyin hökumət bu gün Ermənistanı dizi üstə çökdürüb. Ermənistanı son 2 ildə monarxiya ölkəsinə çevirdin. Ölkədə siyasi təqiblər pik həddə çatıb. Keçmiş opponentlərindən qisas almaq naminə onları həbsə atdırıb açıq-aşkar rüşvət tələb edirsən. Hakimiyyəti zəbt ediyin vaxtdan bu günə qədər hansı işləri görmüsən, ondan danış. Apardığın uğursuz siyasətin nəticəsində xarici borc 25 faiz artıb, son 1 ildə ölkədə işsizlərin sayı 70 mini ötüb və günü-gündən əhali ölkəni tərk edir. Xarici siyasətində də heç bir uğura imza ata bilmədin. Xüsusən də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı. Avropa mediası qarşısında israrla bildirirsən ki, oğlun Qarabağdakı hərbi hissələrin birində xidmət keçir. Sənin oğlun Aşot cəmi 2 ay Qarabağda oldu. Hazırda o, Qarabağda yox, İrəvanda gecə klublarında öz işi ilə məşğuldur. Halbuki onun xidmətinin başa çatmasına hələ 6 ay qalıb”.

Ermənistanın ilk ombudsmanı, keçmiş deputat, hüquq müdafiəçisi Larisa Alaverdiyan da Paşinyanın Almaniyaya səfərini sərt tənqid edib. Bildirib ki, Paşinyan Almaniyaya yox, gərək hərbi hissələrə gedərdi: “Ermənistan ordusunda son 1 ayda qeyri-döyüş şəraitində 14 əsgərin ölümü ölkə ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanıb. Hər gün gözüyaşlı analar hökumət evi qarşısında etirazlar keçirirlər və həmin əsgər anaları ilə heç kəs maraqlanmır. Paşinyan Almaniyaya səfər edərək populist çıxışlar etmək əvəzinə neqativ hallarla əlaqədar mütləq hərbi hissələrə getməli idi. Orduda baş verən təxribatlar onu deməyə əsas verir ki, Ermənistan yeni inqilabın tam asatanasındadır və bu, qaçılmazdır”.

Aydın Eyvazov