Azərbaycan könüllülük hərəkatı genişlənir - REPORTAJ

Azərbaycan könüllülük hərəkatı genişlənir -REPORTAJ

14 Fevral, 15:00 Sosial mediada paylaşın:

Son illər ölkəmiz mötəbər beynəlxalq yarışlara və tədbirlərə layiqincə ev sahibliyi edir. Bu uğurda könüllülərin də payı var. Ölkəmizdə vətənpərvərlik, ekoloji tarazlıq, incəsənət, mədəniyyət və digər sahələrdə minlərlə  könüllü fəaliyyət göstərir. Avroviziya mahnı müsabiqəsi, Birinci Avropa oyunları, Formula 1 üzrə Azərbaycan Qran  Prisi, IV İslam Həmrəyliyi oyunları... Bu mötəbər yarışlar Azərbaycanı dünya miqyasında tanıtmaqla yanaşı, həm də ölkədə könüllülük hərəkatının geniş vüsət almasına şərait yaradıb.

Prezident İlham Əliyevin  sərəncamı ilə 2020-ci ilin "Könüllülər ili" elan olunması isə dövlətin könüllülər hərəkatına böyük əhəmiyyət verməsinin göstəricisidir.

Könüllülük fəaliyyətindən danışan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan könüllülərinin fəaliyyəti çoxşaxəlidir: “Həm vətənpərvərlik, ekoloji tarazlıq mövzularında keçirilən tədbirlərdə, həm də incəsənət, mədəniyyət və digər sahələrdə könüllülər çox fəaldırlar. Eyni zamanda, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsində də könüllülərin fəaliyyəti çox önəmlidir.”

Könüllülərin fəaliyyətindən ən çox istifadə edən qurumlardan biri Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyidir. Məhz agentliyin “ASAN xidmət” mərkəzlərində yüzlərlə gənc sosial xidmətlər sahəsində təcbrübə və iş imkanı qazanıb.

“ASAN xidmət”in sektor müdiri Sahil Məmmədli qeyd edib ki, gənclər üçün mentorluq təlimləri təşkil ediləcək. ASAN Kadr Karyera Mərkəzi vasitəsilə gənclərin özünüməşğulluğu təmin olunacaq.

Ötən il Gənclər Fondu və “ASAN XİDMƏT” tərəfindən həyata keçirilən könüllülük həftəsi isə gənclərin könüllülük fəaliyyətinə marağını daha da artırıb.

Gənclər Fondunun şöbə müdiri Seymur Hüseynovun sözlərinə görə, könüllülük həftəsinin davam olunması nəzərdə tutulub: “İl ərzində könüllülər üçün düşərgələrin təşkil olunması,  müxtəlif qurumlarda təmsil olunan könüllülərin birgə fəaliyyətini təşkil edəcək layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Eyni zamanda prezidentin tapşırığı ilə tədbirlər planının hazırlanması Nazirlər Kabinetinə tapşırılmışdı. Bu plan da təsdiq olunduqdan sonra fond tərəfindən könüllülər üçün bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır.”

Bakı Şəhər Halqasının Akademiyasına da könüllü olmaq üçün hər gün onlarla gənc müraciət edir. Akademiyada onların biliklərini təkminləşdirmək üçün xarici dil kursları, özünüinkişafla bağlı müxtəlif seminarlar təşkil olunur.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin könüllülər üzrə kordinatoru Tural Hümbətov deyir ki, Formula 1 yarışlarında on minlərlə xarici qonaq Bakıya gəlir: “Onlara tədbirlər haqqında, ölkəmiz haqqında, ölkəmizin reallıqları haqqında ilk olaraq könüllülərimiz çatdırırlar. Bu il bizim üçün də xüsusi bir ildir. Əlimizdən gələni edirik ki, könüllülərimiz hər il olduğu kimi ,bu il də uğur qazansınlar və hər zaman irəlidə olsunlar.”

Könüllülər cəmiyyətimizdə böyük rəğbətlə qarşılanırlar. Onlar bilikləri, vətənpərvər olmaları, istedadları ilə Azərbaycan gəncliyini təcəssüm etdirir.

Zemfira Qurbanova deyir ki, könüllük fəaliyyəti ona həm yerli vətəndaşlarla, həm də xaricilərlə daima ünsiyyətdə olmağa, dil biliklərini təkmilləşdirməyə, yeni dostlar və biliklər qazanmağa imkan verir.

Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmlənməsində də könüllülərin fəaliyyəti vacib amillərdəndir. Təsadüfi deyil ki, dünyanın mötəbər beynəlxalq təşkilatları ölkəmizdəki könüllülər hərəkatına yüksək qiymət verirlər. Həm dövlət, həm də beynəlxalq təşkilatlar tərəfindən göstərilən diqqət isə könüllüləri daha fəal olmağa həvəsləndirir.

 

Sabir Bilalov

 

CANLI YAYIM