Azərbaycan Televiziyasının “Həftə” analitik-informasiya verilişinin qonağı olan İqtisadiyyat naziri Mikayıl Cabbarov kölgə iqtisadiyyatı barədə danışıb.
Nazirin sözlərinə görə, kölgə iqtisadiyyatı ilə mübarizə İqtisadiyyat Nazirliyinin təməl prinsiplərindən biridir.
Mikayıl Cabbarov bildirib ki, kölgə iqtisadiyyatından çıxmaq başlıca olaraq vətəndaş üçün faydalı olacaq.
“Həyata keçirilən tədbirlərin faydasını ən çox müxtəlif şəkildə vətəndaş görür - dolayı yolla və birbaşa. Bu ildən başlanılan icbari tibbi sığortanın reallaşdırılması, infrastruktur təminatı, keyfiyyətli yollar, fasiləsiz enerji təminatı, yeni məktəblərin, xəstəxanaların tikintisi, 2019-cu ildə birbaşa cənab Prezidentin təşəbbüsü ilə minimal əməkhaqlarının, pensiyaların əhəmiyyətli dərəcədə qaldırılması, artıq 2020-ci ilin yanvar ayının nəticələrinə əsasən pensiyaların bir daha indeksasiyası... Kölgə iqtisadiyyatında olan potensialın reallaşması, bir il ərzində - 2019-cu il ərzində 150 mindən çox yeni muzdlu işçilərin əmək müqavilələrinin qeydiyyatı, bu il həmin şəxslərin gələcək pensiya təminatından başlayaraq ölkədə məşğulluğun təmin edilməsi istiqamətində atılan addımların fəlsəfi yanaşmaya əsasən həyata keçirildiyini deməyə əsas verir”, - deyə nazir vurğulayıb.
M.Cabbarov diqqətə çatdırıb ki, bir il ərzində qeyri-neft sektorunda əmək müqavilələrinin sayı 18,3 faiz olub. Onun sözlərinə görə, bu rəqəmin əhəmiyyətli hissəsi məhz şəffaflığın, kölgə iqtisadiyyatından çıxışın, əmək müqavilələrinin rəsmiləşdirilməsinin hesabınadır.
Nazir deyib ki, növbəti illər ərzində Nazirliyin əsas hədəflərindən biri də, həmçinin sahibkarların maarifləndirilməsi prosesidir: “İş yerini sahibkar özü də yarada bilər. Dövlət tərəfindən bunun üçün bütün alətlər təqdim olunur”.
İqtisadiyyat nazirinin qeyd etdiyinə görə, səyyar vergi yoxlamalarının 7 dəfə azalması fonunda könüllü vergi ödəmələrinin payının 94 faizə çatması onu göstərir ki, sahibkarlıq mədəniyyəti vergi ödənişlərinin həyata keçirilməsində düzgün, müvafiq münbit şərait yaradıldığı halda yüksəlir: “Kölgə iqtisadiyyatı ilə mübarizənin davam etdirilməsində bu iki təməl prinsip qorunacaq. Bir tərəfdən dövlət tənzimləyici mexanizmləri ilə təşviq edir ki, kölgə iqtisadiyyatında qalmağın riskləri faydalarından daha çoxdur. Ona görə də sahibkar şüurlu şəkildə riskləri dəyərləndirərək buna gedir. Digər tərəfdən isə dövlətin səlahiyyətləri var və dövlət bundan istifadə edir”.