Azərbaycan iqtisadiyyatında yeni trendlər - 4-cü sənaye inqilabının hədəflərinə çatmaq üçün ciddi stimul yaranıb

Azərbaycan iqtisadiyyatında yeni trendlər - 4-cü sənaye inqilabının hədəflərinə çatmaq üçün ciddi stimul yaranıb

5 Fevral, 12:30 Sosial mediada paylaşın:

Azərbaycanda sosial-iqtisadi islahatlar uğurla davam etdirilir. Bu tendensiya özünü 2019-cu il ərzində görülən işlər nümunəsində də açıq göstərir. Ölkə iqtisadiyyatının inkişafı, inkişaf prosesinin regionları da əhatə etməsi, qeyri-neft sektorunda ciddi irəliləyişlər, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və digər sahələr üzrə əldə edilən nəticələr artım dinamikasının növbəti illərdə qorunacağı qənaətinə gəlməyə imkan verir. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən Prezident İlham Əliyev də vurğuladı ki, dünyada mürəkkəb geosiyasi proseslərin təsiri altında iqtisadi sferada ciddi problemlər yaşansa da, Azərbaycan 4-cü dövlət proqramının ilk ilinin göstəriciləri hesabına əhalinin həyat səviyyəsinin yüksəldilməsi və sosial rifahın yaxşılaşdırılması istiqamətində fundamental layihələrə imza atıb.

 “Bizim siyasətimizdə əsas məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir. Biz bütün bu məqsədlərə çatırıq. Keçən il əldə edilmiş iqtisadi və sosial nailiyyətlər bunu bir daha təsdiqləyir. İqtisadiyyatımız 2,2 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı nəticədir. Neftin qiyməti sabitdir, ancaq Azərbaycanda neft hasilatı bir qədər aşağı düşüb. Ümumi daxili məhsulun 2,2 faiz artması, hesab edirəm ki, yaxşı nəticədir. Xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb. Bunun da səbəbi məhz neftin hasilatı ilə bağlıdır. Ancaq bizim əsas prioritetimiz olan qeyri-neft sektoru 14 faizdən çox artıb”, - deyə ölkə başçısı vurğulayıb.

Ümumiyyətlə, Azərbaycanda aparılan islahatlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Çünki görülən işlər iqtisadiyyatda yeni trendlərin formalaşmasına birbaşa təsir göstərir, mövcud xoşagəlməz problemlərin həllində önəmli rol oynayır. Bu, düşünülmüş siyasətdir və həmin siyasət qarşıdakı illərdə də prinsipial şəkildə davam etdiriləcək. Ən vacib məqamlardan biri baş verən dəyişikliklərin Azərbaycanın regionlarını da tam əhatə etməsidir. Məsələn, 4-cü dövlət proqramının ilk ilinin nəticələrinə görə, regionlara 7,2 milyard manat vəsait qoyulub, şəhər və rayonların sosial-iqtisadi inkişafı məqsədilə 127 sərəncamla əlavə olaraq 995,4 milyard manat vəsait ayrılıb.

Görülən işlər nəticəsində 2019-cu il ərzində qeyri-neft sektorunda ÜDM 3,5 faiz, qeyri-neft sənayesi 14,3 faiz, kənd təsərrüfatı istehsalı 7,2 faiz artıb. Ötən ilin təkcə 9 ayında 164 000 yeni iş yeri yaradılıb.

Ölkə iqtisadiyyatının inkişafında 2019-cu ildə istismara verilmiş nəhəng sənaye müəssisələrinin fəaliyyətə başlaması, eyni zamanda kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması kimi faktorlar əsaslı rol oynayır. Bundan başqa, biznes mühiti yaxşılaşır, xarici investisiyaların yatırılması üçün münbit şərait yaradılır. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan keçən il 20 ən islahatçı ölkə sırasına daxil edilib. Ümumiyyətlə, aparılan islahatlar yeni iş yerlərinin yaradılması və əhalinin məşğulluq problemlərinin həllinə, iqtisadi dayanıqlılığın təmininə müsbət təsirini göstərir.

“Makroiqtisadi vəziyyət tam sabitdir. İnflyasiya cəmi 2,5 faiz təşkil etmişdir, əhalinin gəlirləri isə 7,4 faiz. Yəni, həmişə olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələmişdir. Valyuta ehtiyatlarımız 6,4 milyard dollar artmışdır. Bu, deyə bilərəm ki, son illər ərzində rekord göstəricidir. Baxmayaraq ki, büdcəmiz rekord həddə çatmışdır, biz yenə də valyuta ehtiyatlarımızı artırmışıq. Bu, daim belə olubdur. Hətta bizim üçün ən ağır, böhranlı illərdə, - o vaxt ki dünya bazarlarında neftin qiyməti dörd dəfə düşmüşdü, - yenə də biz valyuta ehtiyatlarımızı artırmışdıq. Ancaq keçən il 6,4 milyard dollar həcmində artım, əlbəttə ki, düşünülmüş siyasəti əks etdirir”, - ölkə başçısı qeyd edib.

Bu gün Azərbaycan dünya miqyasında böyük nüfuza malik ölkələr sırasında yer alır. Şübhəsiz, burada həm siyasi, həm iqtisadi amillərin, biznesin inkişafı üçün yaradılan şəraitin ciddi rolu var. Bu günlərdə işini başa vuran Davos Ümumdünya İqtisadi Forumunda nüfuzlu şirkət rəhbərlərinin Prezident İlham Əliyevlə görüşmək arzusu dünya iqtisadiyyatında önəmli rol oynayan bu şirkətlərin  Azərbaycana böyük maraq göstərdiyi və ölkəmizə investisiya yatırmaqda maraqlı olduğundan xəbər verir. Bu investisiyaların bir hissəsi regionlara qoyulmaq üçün nəzərdə tutulur, çünki hazırda müxtəlif proqramlar hesabına bölgədə fəaliyyət göstərən sahibkarlara hərtərəfli maliyyə dəstəyi göstərilir.

İnvestisiya təşviqi mexanizminin fəal tətbiqi nəticəsində indiyədək 355 sahibkarlıq subyektinə 421 investisiya təşviqi sənədi verilib. Nəticədə 87%-i regionların payına düşən layihələrin reallaşdırılmasıyla  yerli istehsala 4 milyard manatdan artıq investisiyanın yatırılması, 28 minədək yeni iş yerinin açılması gözlənilir. Sahibkarlığa dövlət dəstəyi işləri də davam etdirilir. 2019-cu ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən geri qaytarılan vəsaitlər hesabına 1573 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 175 milyon manat güzəştli kredit verilib.

Beləliklə, dövlət başçısının da vurğuladığı kimi, Azərbaycan iqtisadiyyatının gələcəyi sahibkarlığın inkişafından asılıdır. İcra edilmiş bütün infrastruktur layihələr regionda iqtisadi artıma nail olmaq üçün yeni perspektivlər açır. Lakin bəzi hallarda pozuntulara yol verilir, dövlət vəsaitinin düzgün istifadəsində problemlər yaranır, korrupsiya və rüşvətxorluq hallarına yol verilir. Burada yerli strukturlarla yanaşı, sahibkarların da üzərinə ciddi məsuliyyət düşür. Sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar.

Prezident İlham Əliyev bu məsələ ilə bağlı çıxışında da vurğulayıb: “Əgər bir sahibkar 5 manat çox qazanmaq istəyirsə, adamı işdən çıxarır. Bu, dözülməzdir. Faktlar varsa, mənə deyin, biz o sahibkarlarla lazımi qaydada danışacağıq. Ona görə dövlət, xalq və qanun qarşısında məsuliyyət olmalıdır. O cümlədən kölgə iqtisadiyyatına qarşı mübarizə bundan sonra da aparılacaq. Burada da iki tərəf var. Bu işlərə göz yuman dövlət məmuru və bu işləri görən sahibkar. Bu sövdələşmə də tamamilə pozulmalıdır və pozulur. Dövlət indi göz yummur, sahibkar da gərək öz biznesini kölgədən 100 faiz çıxarsın. Dövlət, mərkəzi icra orqanlarımız xüsusi anlayış göstərərək bu prosesi tədricən edirlər. Çünki bu işi görənlər onilliklər ərzində, sovet dövründə də, müstəqillik dövründə də belə işləyiblər, öyrəşiblər. Ona görə buna son qoyulmalıdır. Kölgə iqtisadiyyatı olmamalıdır, vəssalam, çox sadə”.

Bəli, Azərbaycan iqtisadiyyatında üzə çıxan yeni trendlər 4-cü sənaye inqilabının hədəflərinə çatmağa ciddi stimul yaradır. Dünyada baş verən dəyişikliklər fonunda ölkə iqtisadiyyatının uğurla inkişafı növbəti illərdə də qarşıda duran prioritetlərin yerinə yetirilməsinə gətirib çıxaracaq. Dövlət siyasəti məhz bu maraqlara xidmət edir və həmin siyasəti Azərbaycan xalqı da dəstəkləyir.

Malik Həsənov

CANLI YAYIM