Prezident Polad Bülbüloğluna: “Həmişə sizin istedadınızın pərəstişkarı olmuşam”

Prezident Polad Bülbüloğluna: “Həmişə sizin istedadınızın pərəstişkarı olmuşam”

4 Fevral, 11:46 Sosial mediada paylaşın:

“Hörmətli Polad müəllim, mən sizi qarşıdan gələn yubileyiniz münasibətilə təbrik etmək istəyirəm. Sizə baxanda adam heç deyə bilməz ki, 75 yaşına çatmısınız. Həmişə cavan, həmişə gümrah, enerjili fəaliyyət göstərirsiniz. Siz böyük sənətkar, böyük bəstəkar, böyük ifaçısınız. Siz Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfə vermisiniz”.

Bu sözləri Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edərkən deyib.

Ölkə başçısı Polad Bülbüloğlunun Azərbaycan musiqi mədəniyyətində özünəməxsus və təkrarolunmaz iz buraxdığını vurğulayıb: “Nəinki Azərbaycan miqyasında, hesab edirəm ki, dünya miqyasında siz ən görkəmli bəstəkarlardan birisiniz. Bunun əyani sübutu odur ki, sizin mahnılarınız yaşayır. Baxmayaraq ki, mahnıların bəziləri 40 il, 50 il bundan əvvəl yazılıb, amma bu mahnılar bu gün də sevilir. Yəni, onlar ölməz mahnılardır, Azərbaycan musiqi fondunun dəyərli nümunələridir. Bildiyiniz kimi, mən də həmişə sizin istedadınızın pərəstişkarı olmuşam və bu gün də böyük məmnuniyyətlə sizin ifanızda o ölməz mahnıları dinləyirəm. Siz nadir musiqiçilərdənsiniz ki, ancaq özünüz bəstələdiyiniz mahnıları ifa edirsiniz. Bu mahnıları heç kim sizin kimi belə ürəklə, məharətlə ifa edə bilməz. Təsadüfi deyil ki, sovet dövründə siz ümumittifaq məhəbbəti qazanmısınız. Siz Sovet İttifaqının hər bir yerində böyük coşqu ilə, böyük məhəbbətlə qarşılanırdınız və sovet estrada məkanında aparıcı ulduzlardan biri idiniz.

Bu gün müstəqil Azərbaycanın mədəniyyətinin inkişafına böyük töhfə verirsiniz. Siz böyük Bülbülün ailəsində dünyaya göz açmısınız. Ailə tərbiyəsi, Azərbaycan dəyərləri üzərində verilən tərbiyə, əlbəttə ki, sizə çox güclü təsir göstərmişdir. Sizdə milli ruh, milli ləyaqət və çox güclü mətanət hissi var. Mən sizi yaxından tanıyan insan kimi bunu tam məsuliyyətlə deyə bilərəm. Siz ömürboyu sənətdə, həyatda və siyasətdə atanızın adına layiq fəaliyyət göstərmisiniz. Siz fəaliyyətə başlayan gündən Polad Bülbüloğlu kimi özünüzü təqdim etmisiniz, bu da böyük məsuliyyətdir. Çünki siz bu adla o böyük ailə məsuliyyətini, böyük, dahi Bülbülün fəaliyyətini öz fəaliyyətiniz vasitəsilə davam etdirirsiniz. Bu, doğrudan da böyük məsuliyyətdir və bu şərəfli missiyada siz böyük uğurlar əldə etmisiniz”.

Azərbaycan Prezidenti Polad Bülbüloğlunun eyni zamanda, dövlət xidmətində böyük nailiyyətləri olduğunu xatırladıb: “Bu gün də var. Siz uzun illər Azərbaycanın Mədəniyyət naziri kimi mədəniyyətimiz üçün ən ağır illərdə böyük işlər görmüsünüz. Allaha şükür, indi Azərbaycan inkişaf edən ölkədir, maliyyə imkanlarımız da çoxdur. Amma siz Mədəniyyət Nazirliyinə rəhbərlik etdiyiniz dövrdə bizim maliyyə imkanlarımız yox idi. Əlbəttə, ölkə qarşısında o qədər böyük məsələlər dayanmışdı ki, bəzi hallarda mədəniyyətə vəsait çatmırdı. Siz bizim uzun illər ərzində əldə etdiyimiz nailiyyətləri qoruya və inkişaf etdirə bilmisiniz.

Siz uzun illərdir ki, Azərbaycanı dünyanın supergüclərindən biri olan Rusiyada ləyaqətlə təmsil edirsiniz. Bilirəm ki, Azərbaycanın maraqları sizin üçün hər şeydən üstündür. Bu illər ərzində görüşlər əsnasında, əlbəttə, bir daha əmin oldum ki, çox düzgün qərar qəbul olundu və siz Rusiyada Azərbaycanın səfiri kimi çox böyük uğurlar əldə etmisiniz. Rusiya-Azərbaycan əlaqələrinin inkişafında sizin çox böyük rolunuz var.

Yaxşı bilirsiniz ki, ulu öndər Heydər Əliyev həmişə sizə, sizin fəaliyyətinizə böyük diqqət göstərirdi. Zərifə xanım da həmişə sizə diqqət göstərirdi. Siz bizim evimizdə dəfələrlə olmusunuz və biz bir-birimizi 40 ildən çoxdur ki, tanıyırıq. Siz bizim üçün - valideynlərim və mənim üçün həmişə çox doğma adam olmusunuz. Ona görə xüsusi qeyd etməliyəm ki, bu gün - yubiley ərəfəsində sizinlə görüşmək, sizi təbrik etmək mənim üçün çox xoşdur. Sizin fəaliyyətiniz dövlət tərəfindən yüksək qiymətləndirilib. Siz Azərbaycanın bir neçə mötəbər mükafatı ilə təltif olunmusunuz. Ancaq bu mükafatların arasında ən ali mükafat, ən ali orden “Heydər Əliyev” ordenidir. Mənim Sərəncamımla siz bu gün “Heydər Əliyev” ordeni ilə təltif olunursunuz”.

CANLI YAYIM