“İctimai şuraların fəaliyyətinin məsuliyyəti məmurların üzərinə düşür” - Daha bir “Əsas məsələ”

“İctimai şuraların fəaliyyətinin məsuliyyəti məmurların üzərinə düşür” - Daha bir “Əsas məsələ”

30 Yanvar, 15:54 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının “Əsas məsələ” tok-şousunun 29 yanvar buraxılışı ölkədə ictimai nəzarət mexanizminin hazırkı vəziyyətinə həsr olunub.

Aparıcı Rüfət Həmzəyevin təqdimatı ilə efirə gedən verilişin qonaqları Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin koordinatoru Səadət Bənəyarlı, Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri Əhməd Abasbəyli, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni olub.

Veriliş iştirakçıları ictimai nəzarət mexanizminin Azərbaycandakı vəziyyəti, mexanizmin səmərəliliyinin artırılması üçün tətbiq olunmalı olan metodlar ətrafında fikir mübadiləsi aparıblar.

İdarəçilikdə ictimai iştirakçılığın təmin olunması, bəzi dövlət qurumlarında ictimai şuraların niyə yaradılmadığı mövzusu da müzakirəyə çıxarılıb.

Ə.Nuriyev qeyd edib ki, Azərbaycanda ictimai iştirakçılıqla bağlı qanun qəbul edilib və orda ictimai nəzarətin mühüm elementlərindən biri olan ictimai şuraların yaradılması ilə bağlı məsələ var: “Qanun aydın şəkildə deyir ki, mərkəzi və yerli icra hakimiyyəti, yerli idarəetmə orqanları yanında ictimai şuralar yaradılmalıdır. Gəlin, görək, qanunun icra vəziyyəti nə yerdədir? Cəmi 11 qurumda, bir də 2 publik hüquqi şəxsdə şura yaradılıb. Yerli icra hakimiyyətlərinin isə cəmi altısında yaradılıb, o da formaldır. Yerli özünüidarəetmə orqanlarında isə bu, ümumiyyətlə yoxdur".

S.Bənəyarlı isə deyib ki, məmurlar şuraların mövcudluğunda maraqlı olmalıdır: “İctimai şuraların fəaliyyətinin məsuliyyəti həm də məmurların üzərinə düşür. Şuraların mövcudluğu və fəaliyyəti onların da marağında olmalıdır”.

CANLI YAYIM