Böyük Mərdəkan qəsri bərpa ediləcək

Böyük Mərdəkan qəsri bərpa ediləcək

27 Yanvar, 12:35 Sosial mediada paylaşın:

Yaxın vaxtlarda Abşeronun ən qədim və hündür qalalarından biri olan Böyük Mərdəkan Qəsrinin və Tuba Şah məscidinin bərpasına başlanılacaq. Artıq təmirlə bağlı layihə sənədləri hazırlanıb.  Bərpa işlərini Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi həyata keçirəcək.

Tariximizin bir parçası olan Böyük Mərdəkan Qəsri 1187-1188-ci illərdə Şirvanşah I Axsitanın düşmən üzərindəki qələbəsindən nişanədir. Böyük Mərdakan qəsri kimi tanınan bu qala məhz həmin tarixi şəxsiyyətin qələbəsinin şərəfinə ucaldılıb.

Qalanın hündürlüyü 22, əhatə divarlarının hündürlüyü isə 7 metrdir.  Qalınlığı aşağı hissədən 2,1 yuxarıdan isə 1,6 metrə bərabədir. Müxtəlif dövrlərə aid qədim daş kitabələr və saxsı əşyalar qalanın həyətinə daxil olarkən diqqət çəkir...

Həyətdə diqqəti çəkən başqa bir abidə də var. Bu, dərinliyi 3-4 metrə çatan quyulardır. İnsanlar bu quyulardan düşmən hücumu zamanı sığınacaq və ərzaq saxlamaq üçün istifadə edirmiş. Qalanın həyətində 98 belə  quyu aşkar olunub. İstehkamın bütün mərtəbələrinə birtərəfli, spiralvari pilləkənlərlə qalxmaq mümkün olub.

1722-1723-cü illərdə I Pyotrun qoşunlarının hücumu zamanı dağıdılan qala sonralar restavrasiya edilib. Hal-hazırda qalada yenidən bərpa işlərinə ehtiyac yaranıb. Qalanın yenidən bərpa olunması bura turist axınının artmasına səbəb ola bilər.

Qeyd edək ki, Nardaran Tarix və Mədəniyyət Qoruğunun ərazisində yerləşən “Bürc qala”nın əsaslı təmiri və bərpası, Ramana qəsrinin konservasiyası və abidə ətrafının abadlaşdırılması, Şəkidəki “Gələrsən -görərsən” qalasının bərpası da nəzərdə tutulur. Bu abidələrdə də  2020-2023-cü illər ərzində dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına təmir işləri aparılacaq.

CANLI YAYIM