Yeni baş planda sosial infrastruktur xüsusi yer tutur

Yeni baş planda sosial infrastruktur xüsusi yer tutur

24 Yanvar, 17:22 Sosial mediada paylaşın:

Ölkənin bir sıra şəhər və rayonlarının yeni baş planı hazırlanır.  Bakının baş planına əsasən, paytaxtın ənənəvi mərkəzi ilə yanaşı, alt və regional mərkəzlərin inkişafı da layihələndirilir. İctimai nəqliyyat infrastrukturunun yenilənməsi də prioritet məsələlərdəndir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hazırladığı portalda isə tikintilərə icazə icraatında həyata keçiriləcək ödənişlər elektronlaşdırılıb.

Baş planının hazırlanmasında iştirak edən Almaniyanın “AS+P” şəhərsalma şirkəti şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılmasına, eləcə də, əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlərin görülməsinə başlayıb.

Paytaxtla yanaşı, digər şəhər və rayonların da müfəssəl planlaşdırma layihəsinin hazırlanması üzərində iş gedir. Ötən il paytaxtda ümumi sahəsi təqribən 1 milyon kvadratmetr təşkil edən tikinti obyektlərinin inşasına, eləcə də, 10 milyon 397 min 148 kavadratmetr tikinti obyektlərinin istismarına icazə verilib. Dövlət başçısının “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanına uyğun olaraq istismara icazələr əsasında 74 min 46 ailənin  mənzil üzərində mülkiyyət hüququ təsdiqlənib. Tikinti obyektlərinin inşası və istismarına icazələrin alınması zamanı “bir pəncərə” sisteminin tətbiqinə başlanılıb. Artıq ekpertizasının keçirilməsi nəzərdə tutulmayan tikinti obyektləri və anbar binalarının tikintisinə 15 iş günü müddətində, istismarına icazəni isə 10 gün müddətində əldə etmək mümkündür. Bu növ tikinti obyektləri üzrə icazələr pulsuzdur və sifarişçi tərəfindən ödəniş tələb olunmur. Sistem ilkin mərhələdə yalnız Bakıda fəaliyyət göstərsə də ötən ilin sonundan 56 şəhər və rayonun sistemə qoşulması təmin edilib. Artıq, ekpertizası tələb olunan obyektlərin də istismarına icazənin portal vasitəsi ilə verilməsinə test rejimində başlanılıb. Habelə icazə icraatında həyata keçiriləcək ödənişlər elektronlaşdırılıb.

Bütün bunlar barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiya iclasında məlumat verildi. Vurğulandı ki, yaxın perspektivdə bu növ obyektlərin tikintisinə icazələrin də portal vasitəsi ilə verilməsi planlaşdırılr.

CANLI YAYIM