Prezident İlham Əliyev Davosda bir sıra görüşlər keçirib

Prezident İlham Əliyev Davosda bir sıra görüşlər keçirib

22 Yanvar, 10:57 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 21-də Davosda “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub.

Görüşdə “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat aparılan islahatlar Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşması, ölkəmizdə yeni layihələrin həyata keçirilməsi üçün gözəl zəmin yaratdığını qeyd edib. O,  rəhbərlik etdiyi qurumun ölkəmizə yeni texnologiyaların gətirilməsi baxımından Azərbaycana hər cür dəstək verməyə hazır olduğunu bildirib.

Baş icraçı direktor, eyni zamanda, istər kənd təsərrüfatı sahəsində, istərsə də digər sahələrdə işıqlandırma vasitəsilə yeni həll variantlarına investisiya yatırılması imkanlarını Azərbaycanın aidiyyəti qurumları ilə müzakirə etməkdə maraqlı olduqlarını, müvafiq sahədə yeni texnologiyaların ölkəmizə gətirilməsini təmin edə biləcəklərini vurğulayıb.

Görüşdən məmnunluğunu bildirən Prezident İlham Əliyev Bakı şəhərinin işıqlandırılması üzrə hazırda icra edilən layihənin sürətləndirilməsinin vacibliyini bildirib. Dövlətimizin başçısı, eyni zamanda, növbəti mərhələlərdə Sumqayıtda və Azərbaycanın digər böyük şəhərlərində işıqlandırmanın keyfiyyətinin artırılması, elektrik enerjisinə əhəmiyyətli qənaəti təmin edən yeni həll variantlarının tətbiqi, həmçinin kənd təsərrüfatının müxtəlif sahələrində işıqlandırma sistemləri vasitəsilə müasir texnologiyaların gətirilməsinin aidiyyəti dövlət qurumları ilə müzakirə olunması barədə müvafiq tapşırıqlarını verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşüb.

Görüşdə Azərbaycanda mövcud investisiya mühitinin son dövrlərdə daha da yaxşılaşdığı məmnunluqla vurğulandı, vergi və gömrük sahələrində aparılan uğurlu islahatlar, inzibatçılığın asanlaşması, “ASAN xidmət”in və DOST agentliyinin fəaliyyəti, dövlət tərəfindən göstərilən xidmətlərin rəqəmsallaşdırılması prosesi xüsusi qeyd edildi.

Söhbət zamanı Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizdə həyata keçirilən layihələri və prioritet sahələrin müəyyənləşdirilməsi barədə fikir mübadiləsi aparıldı. Bankın Azərbaycanda mövcud əlverişli investisiya mühitindən yararlanaraq fəaliyyətini daha da genişləndirmək üçün böyük imkanlarının olduğu bildirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 21-də Davosda Pakistan İslam Respublikasının Baş Naziri İmran Xan ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Pakistan arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edildi.

Baş Nazir İmran Xan bildirdi ki, Pakistan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin haqlı mövqeyini dəstəkləyir və işğalçı Ermənistanla heç vaxt diplomatik münasibətlər qurmayıb.

Azərbaycanda turizmin sürətlə inkişaf etdiyini, xüsusilə müsəlman ölkələrindən gələn ziyarətçilərin sayında böyük artımın müşahidə edildiyini deyən İmran Xan ölkəmizin bu sahədəki təcrübəsindən yararlanmaq niyyətində olduqlarını bildirdi.

Prezident İlham Əliyev Kəşmir məsələsində Azərbaycanın Pakistana daim dəstək verdiyini qeyd etdi. Dövlətimizin başçısı, həmçinin ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində Pakistanı dəstəklədiyi vurğulandı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında imzalanan strateji tərəfdaşlıq sənədinə uyğun olaraq münasibətlərin səviyyəsindən məmnunluq ifadə edildi.

Söhbət zamanı ölkələrimiz arasında enerji, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

CANLI YAYIM