Karateçilərimiz 2019-cu ildə 76 qızıl, 109 gümüş, 97 bürünc medal qazanıb

Karateçilərimiz 2019-cu ildə 76 qızıl, 109 gümüş, 97 bürünc medal qazanıb

27 Dekabr, 09:47 Sosial mediada paylaşın:

Azərbaycan Milli Karate Federasiyası 2019-cu ili uğurla başa vurur.

Azərbaycan Milli Karate Federasiyasından AZTV.AZ-a verilən məlumata görə, müxtəlif yaş qruplarında karateçilərimiz 2019-cu ildə beynəlxalq yarışlarda – 62 qızıl, 46 gümüş, 76 bürünc medal qazanıblar. Belə ki, yeniyetmə və gənclərin Avropa çempionatında 4 qızıl və 1 bürünc, böyüklərin Avropa çempionatında 1 qızıl, yeniyetmə və gənclər arasında dünya çempionatında 2 gümüş və 5 bürünc, Avropa Oyunlarında isə 1 qızıl, 3 gümüş və 1 bürünc medal əldə edilib.

WKF-nin rəsmi turnirlərində - 2 qızıl və 1 bürünc medal dünya kubokunda, 3 qızıl, 4 gümüş və 7 bürünc medal “Karate1” Premyer Liqa turnirlərində, 1 qızıl, 1 gümüş və 1 bürünc medal “Karate1” Seriya A turnirlərində, 2 qızıl, 3 gümüş və 5 bürünc medal isə gənclərin liqa turnirlərində qazanılıb.

İl ərzində beynəlxalq turnirlər və rəsmi yarışların ümumi nəticələrini nəzərə alsaq, müxtəlif yaş qruplarında milli komandanın üzvləri 76 qızıl, 109 gümüş və 97 bürünc olmaqla, ümumilikdə 282 medala sahib olublar. Ölkədaxili beynəlxalq turnirlərdə yerli idmançılar böyük üstünlük təşkil etdiyindən, onların nəticələri rəsmi statistikaya daxil edilməyib.

Yola salmaqda olduğumuz ildə ölkəmizdə beynəlxalq turnirlər, seminar və tədbirlər təşkil edilib. Milli komandanın üzvləri yarışlarda yüksək nəticələr əldə ediblər. Bu ilin avqustunda Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komitəsinin sədri Xavyer Eskalantenin rəhbərliyi ilə nümayəndə heyətinin yerli hakimlər üçün seminarı təşkil edilib. Naxçıvanda ulu öndər Heydər Əliyevin 96-cı ildönümünə həsr edilmiş “Heydər Əliyev kuboku” uğrunda “Naxçıvan Open”, 10-cu “Baku Open-2019”, Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubeliyenə həsr olunmuş uşaqlar arasında “Olimpiya ümidlərı”, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq karate turnirləri təşkil edilib.

Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev bu ildə də böyük idman uğurlarının əldə olunduğunu vurğulayıb və bu uğurların Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərdiyini bildirib. Son illər olduğu kimi bu dəfə də Azərbaycan Milli Karate Federasiyasının məhsuldar fəaliyyəti diqqətdən kənar qalmayıb. Milli komandanın liderlərlərindən, bu il Avropa Çempionatının üçüncüsü və Avropa Oyunlarının qalibi olmuş Asiman Qurbanlıya yeni mənzilin orderi təqdim olunub.

CANLI YAYIM