Quraqlıqda belə kəsilməyən su damcısı, 30 dəqiqədən bir qaynayan sirli bulaq - Reportaj

Quraqlıqda belə kəsilməyən su damcısı, 30 dəqiqədən bir qaynayan sirli bulaq -Reportaj

9 Dekabr, 16:06 Sosial mediada paylaşın:

Naxçıvan Muxtar Respublikasında yerləşən dünya əhəmiyyətli dini-mədəni kompleks “Əshabi-Kəhf” yüzilliklərdir müqəddəs ocaq sayılır.

Naxçıvan şəhərindən təqribən 12 km məsafədə yerləşir. Bu müqəddəs məkan Haçadağ və Nəhəcir dağlarının arasında hündürlüyü 1665 metr olan dağda yerləşir. Əvvəllər bura qalxmaq çox çətin olsa da, indi dəmir pilləkənlər bu işi asanlaşdırıb.

Qədim zamanlardan tanrıya ümid bəsləyən, ilahi gücünə inanan insanların səcdəgahı kimi tanınan bu yerə indi də hər gün onlarla yerli və xarici turist gəlir.

“Əshabi-Kəhf” ərəb dilindən tərcümədə “mağara sakinləri” mənasını verir. Qurani-Kərimin “Kəhf” surəsində əksini tapmış əfsanəyə görə, təkallahlılığa inanan gənclər bütpərəst hökmdar Yunisin zülmündən və təqibindən yaxa qurtarmaq üçün birlikdə mağarada gizlənirlər. Əslində, daha 3 ölkədə – İordaniya, Hindistan və Türkiyədə “Əshabi-Kəhf” var. Lakin bütün yazılanlara Naxçıvan uyğun gəlir.

“Əshabi-Kəhf” mağarasının quruluşu, təbii-coğrafi şəraiti buranın ilkin yaşayış məskənlərindən biri olmasını da söyləməyə əsas verir.

Ziyarətgahın yuxarı hissəsində bir neçə metr hündürlükdə yerləşən “Damcıxana” da əslərdir insanların diqqətini çəkir. Açıq salon şəklində olan həmin yerdə tavandan su damır. Maraqlıdır ki, ilin yağışlı və quraq keçməsindən asılı olmayaraq, burada damcı kəsilmir. “Əshabi-Kəhf”in aşağısındakı qaynayıb-köpüklənən mineral bulaq da sirli xüsusiyyətlərinə görə insanları özünə cəlb edir. Bu bulaq hər 30 dəqiqənin tamamında qaynayır.

Bura müxtəlif xəstəlikləri olan adamlar gəlir. Xalq arasında belə bir inam mövcuddur ki, bulağın ən kəsərli vaxtı köpüklənmənin şiddətləndiyi dövrüdür. İlin bütün fəsillərində beləcə qaynayıb-yatan bulaqda təkcə şəfa axtaranlar deyil, zəvvarlar da yuyunub təmizlənirlər.

Günel Feyzullayeva

CANLI YAYIM