Rza Tuna Turaqay: Naxçıvanın iqtisadiyyatı çoxşaxəli şəkildə artan templə inkişaf edir

Rza Tuna Turaqay: Naxçıvanın iqtisadiyyatı çoxşaxəli şəkildə artan templə inkişaf edir

7 Dekabr, 13:01 Sosial mediada paylaşın:

Türkiyə Respublikasının Ticarət nazirinin müavini Rza Tuna Turaqay Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Sədərək Gömrük İdarəsi üçün tikintisi davam edən yeni komplekslə tanış olub.

AZƏRTAC-ın Naxçıvan bürosunun məlumatına görə, 18 hektar ərazidə inşa olunan kompleks yük xətti və anbarlardan, sərnişinlərin keçid zallarının da yerləşdiyi inzibati binadan, yoxlama-baxış sistemləri bölməsindən və sürətli keçidin təmin edilməsi üçün nəzərdə tutulan VİP və CİP zallarından ibarət olacaq. Gömrük nəzarəti və rəsmiləşdirilməsinin texnoloji sxeminə uyğun olaraq giriş-çıxış zolaqları bir-birindən ayrı nəzərdə tutulub. Üç zolaqla avtobus və minik, iki zolaqla isə yük nəqliyyat vasitələri hərəkət edəcək. Bir zolaq isə sürətli keçid üçün istifadə olunacaq.

Məlumat verilib ki, sərnişin keçid zalında gömrük əməliyyatları və sərhəd nəzarətinin həyata keçirilməsi üçün xidməti otaqlar, eləcə də yerli məhsullar satılan “DUTY FREE” və kafe yerləşəcək. Avtonəqliyyat vasitələrinin və sərnişinlərin keçidi üçün nəzərdə tutulan binanın ikinci və üçüncü mərtəbələrində xidməti otaqlar yaradılıb. Kompleksdə sərnişin və yük qatarlarının gömrük nəzarətindən keçməsi üçün də lazımi şərait yaradılacaq, kinoloji xidmət fəaliyyət göstərəcək. Yeni gömrük kompleksi gömrük nəzarəti və rəsmiləşdirilməsinin müasir tələblər səviyyəsində həyata keçirilməsinə imkan verəcək. Bu da iqtisadi-ticarət əlaqələrini genişləndirməklə yanaşı, həm də muxtar respublikanın əlverişli tranzit imkanlarından və turizm potensialından səmərəli istifadəyə yol açacaq.

Naxçıvan Biznes Mərkəzinə gələn qonağa məlumat verilib ki, mərkəzin sərgi salonunda 94 müəssisənin 196 növdə məhsulu, 65 ailə təsərrüfatında istehsal olunan 20 növdə 157 çeşiddə məhsul, sənətkarlar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş etdirilir.

Vurğulanıb ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal edilir, bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

Türkiyə Respublikasının Ticarət nazirinin müavini Rza Tuna Turaqay AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvana səfərinin məqsədi barədə danışaraq deyib ki, Naxçıvana gəlişinin məqsədi muxtar respublika ilə ticarət əlaqələrini daha da genişləndirmək üçün müzakirələr aparmaqdır: “İqtisadiyyat, gömrük sahələrində qarşılıqlı əməkdaşlığı gücləndirmək üçün Naxçıvan Biznes Mərkəzində hər iki tərəfin dövlət rəsmiləri arasında geniş tərkibdə görüş keçirildi. Muxtar respublikadan alacağımız məhsulların çeşidini, həcmini artırmaq istiqamətində danışıqlar apardıq, bu sahədə perspektivləri müəyyənləşdirdik”.

“Türkiyə dövləti Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlığı inkişaf etdirmək üçün bütün səylərini göstərir. Bundan əvvəl də bu yöndə bir sıra geniş tədbirlər keçirilib və həmin görüşlər zamanı müvafiq qərarlar qəbul olunub. Budəfəki görüşümüzdə də həmin qərarların icrası məsələlərini nəzərdən keçirdik. Xüsusilə Naxçıvandan Türkiyəyə qida məhsullarının ixracının, eləcə də iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün gömrük sahəsində daha hansı irəliləyişlərə nail olmağın mümkünlüyünü müzakirə etdik”, – deyən Rza Tuna Turaqay vurğulayıb ki, bütün bunları həyata keçirməkdə bir məqsəd var: hər iki qardaş ölkənin, həm Azərbaycanın, həm də Türkiyənin birlikdə yüksəlişini təmin etmək, xüsusilə də Naxçıvan Muxtar Respublikasının inkişafı üçün geniş imkanlar açmaq. Bu sahədə bundan sonra da əlimizdən gələni etməyə hazırıq.

O bildirib ki, səfər çərçivəsində Sədərək Gömrük İdarəsi üçün tikintisi davam edən yeni komplekslə də tanış olub: “Həqiqətən də, həmin kompleks mükəmməl quruluşa, geniş imkanlara malik olacaq. Bu, bir qardaş ölkənin vətəndaşı olaraq bizi çox qürurlandırdı. Yolboyu Naxçıvanın bir neçə kəndini də gördük. Yaşayış məntəqələrinin infrastrukturu inanılmaz dərəcədə gözəl və baxımlıdır. Kəndlərdəki məktəblər barədə öyrəndiklərimdən sonra deyə bilərəm ki, Naxçıvanda təhsil sahəsində də böyük işlər görülüb. Naxçıvan şəhərinin siması heyranedicidir, yeni yaşayış binaları, tarixi abidələr şəhəri daha da zəngin göstərir. Naxçıvan Biznes Mərkəzi ilə tanışlıq zamanı muxtar respublikada ixracata hazır olan 383 növdə məhsulun istehsal olunduğunu öyrəndim. Həqiqətən də, bu, çox qürurverici haldır. Hər bir məhsulun çeşidi ilə ayrı-ayrılıqda yaxından maraqlandım. Gördüklərimə, öyrəndiklərimə əsasən deyə bilərəm ki, Naxçıvanın iqtisadiyyatı çoxşaxəli şəkildə artan templə inkişaf edir. İnanırıq ki, burada istehsal olunan məhsulların böyük əksəriyyətini Türkiyəyə ixrac edəcək və muxtar respublikanın iqtisadiyyatına böyük töhfələr verəcəyik”.

Qeyd edək ki, Türkiyə Respublikasının Ticarət nazirinin müavini Rza Tuna Turaqayın Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində dekabrın 7-də “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Ekspertizası İdarəsi, “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə də tanış olacağı nəzərdə tutulur.

CANLI YAYIM