Azərbaycan dünyanın enerji xəritəsini necə dəyişir? - TƏHLİL

Azərbaycan dünyanın enerji xəritəsini necə dəyişir? - TƏHLİL

3 Dekabr, 14:12 Sosial mediada paylaşın:

Enerji təhlükəsizliyi bu gün dünya ölkələrini qayğılandıran aktual problemlərdən biri olaraq qalır. Doğrudur, alternativ enerji mənbələrinin yaradılması ənənəvi enerji ehtiyatlarına ehtiyacı müəyyən qədər azaldıb. Ancaq sənayenin sürətli inkişafı, dünya əhalisinin, istehsalın, dünya iqtisadiyyatının ümumi həcminin artımı ənənəvi enerjiyə tələbatı da adekvat olaraq artırmaqda davam edir.
1973-ci ildə birinci neft böhranından sonra əksər dünya ölkələri neftdən asılılığın hansı risklər doğurduğunu anlamağa başladılar. Enerji mənbələrinin diversifikasiyası və alternativ enerji mənbələrinin formalaşdırılması mühüm çağırışa çevrildi. Eyni zamanda, enerji alıcısı olan ölkələr təhlükəsizlik üçün bir nöqtədən asılılığın aradan qaldırılması konsepsiyasına keçid etdilər. 2000-ci illərə gəldikdə, alternativ enerji axtarışları və bərpa olunan enerji mənbələrindən istifadə genişlənsə belə, ənənəvi enerji mənbələrinin mövqeləri zəifləmədi.

Belə halda, enerji ixracatçısı olan ölkələrin dünya iqtisadiyyatı və siyasətindəki yeri önə çıxdı. Azərbaycan da 90-cı illərdə dünya enerji bazarına daxil olan mühüm iştirakçılardan biri kimi parlamağa başladı.

Azərbaycan öz enerji ehtiyatlarını dünya bazarına çıxarmaqla ölkənin davamlı inkişafı üçün mühüm bazis yaratdı, eyni zamanda beynəlxalq münasibətlərdə mühüm aktora çevrilməyə başladı. Dahi siyasətçi Heydər Əliyevin enerji strategiyasının bir hissəsi olaraq gerçəkləşən “Üç dənizin əfsanəsi” – Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin çəkilməsi və ulu öndərin bir neçə onilliklər üçün hesablanmış enerji siyasətinin uğurla davam etdirilməsinin sayəsində bu gün Azərbaycan nəinki Avropanın enerji təminatında mühüm rol oynayır, bu layihə, eyni zamanda, ölkəmizə böyük iqtisadi və siyasi dividendlər qazandırır.

 

“Köhnə qitə” üçün yeni ixracatçı və ya enerji bazarına yeni dizayn

Artıq Azərbaycanın Avropanın qaz bazarına da daxil olması ilə ölkəmizin “köhnə qitə”nin enerji təchizatındakı rolu bir qədər də artır. Bu, həm də regional və beynəlxalq miqyasda enerji xəritəsinin yenidən formalaşması deməkdir.
Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi təhlilçilər tərəfindən yeni tarixi mərhələnin başlanğıcı kimi xarakterizə olunur.

Azərbaycan və Türkmənistan qazının Rusiyadan küçməmək şərti ilə Avropaya nəqli üçün nəzədə tutulmuş “Nabucco” qaz kəməri layihəsi uzun müddət müzakirə predmeti oldu. “Nabucco” ilə yanaşı, İTGİ (Türkiyə-Yunanıstan-İtaliya) və TAP Azərbaycan qazının Avropaya çıxarılması üçün təklif edildi. Lakin “Nabucco” təşəbbüsü xəyal olaraq qaldı - 250 milyon avro dəyərində qiymətləndirilən “Nabucco” siyasi və iqtisadi rəqabətə davam gətirməyərək sıradan çıxdı.

...Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq. TANAP Türkiyənin Ərdahan vilayətinin Posof qəsəbəsindən başlayaraq qardaş ölkənin ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru kəməridir. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.

TANAP layihəsi ilə bağlı Azərbaycan ilə Türkiyə arasında anlaşma memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Layihə üzrə yekun investisiya qərarı isə 2013-cü il dekabrın 17-də qəbul edilib. 2015-ci ildə Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra boru kəmərinin inşasına başlanılıb.

Boru kəmərinin quru hissəsinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. TANAP-dan Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir.

“Enerjinin İpək yolu” adlandırılan TANAP-ın birinci fazası keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli, planlaşdırıldığı kimi, həmin il iyunun 30-da başlayıb.

Beləliklə, meqalayihənin, yəni Cənub Qaz Dəhlizinin 3 seqmenti – “Şahdəniz”, Cənub Qafqaz Boru Xətti və TANAP uğurla realizə edilir. Dördüncü layihə - TAP-ın icrası da sona yaxınlaşmaqdadır. Bu isə o deməkdir ki, Azərbaycan qazı Avropa enerji bazarına yeni dizayn verir.

 

Kim nə qazanır?

Yeni enerji ixracatçısının peyda olması Avropa üçün çoxdan arzuolunan idi.

Birincisi, ona görə ki, enerji təhlükəsizliyi yalnız alternativliliyin təmin olunması ilə mümkündür.

İkincisi, alternativ mənbələrin mövcudluğu satıcılara qiymət siyasətinə yenidən baxmağa, rəqabət mühitinin formalaşmasınastimul verir və beləliklə də bu, alıcılar üçün daha məqbul bazar şərtlərinin formalaşması ilə müşayiət olunur.

Avropa qaz bazarına çıxmaqla Azərbaycan:

a) ixrac şəbəkəsinin diversifikasiyanına nail olur;

b) yeni gəlirlər əldə edərək sosial-iqtisadi prioritetlərinin həllinə nail olur;

c) yeni tərəfdaşlarla iqtisadi əlaqələr yaranır, yeni investisiya imkanları açılır;

d) bütün bunlar siyasi müstəvidə özünü ifadə edir – iqtisadi əməkdaşlıq etdiyi ölkələrlə Azərbaycan həm də siyasi mütəffiqlik əldə edir. Bu isə beynəlxalq siyasi münasibətlərdə mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın Avropaya qaz satışına başlaması digər mühüm ixracatçı – Rusiya üçün də təhdid yaratmır. Rusiya və Azərbaycan qazının alıcıları ayrı-ayrı ölkələrdir.

Cənub Qaz Dəhlizi iştirakçı ölkələr, eləcə də bütün region üçün sabitlik, təhlükəsizlik və rifah vəd edir.

Azərbaycan Prezident İlham Əliyev TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində layihənin məhz bu baxımdan əhəmiyyətini aydın şəkildə şərh edir: “Bu gün Cənub Qaz Dəhlizi özündə 7 ölkəni birləşdirir və bu, artıq beynəlxalq əməkdaşlıq layihəsidir. Bu layihə ölkələr arasında körpülər yaradacaq və daha böyük anlaşmaya yol açacaq. Bu layihədə iştirak edən 7 ölkə, - onlardan üçü Avropa İttifaqının üzvüdür, - bundan sonra uzun illər birlikdə çalışacaq və bunun faydasını bölüşəcəklər. Yəni bu layihə əməkdaşlıq, sabitlik, uzunmüddətli anlaşma gətirir”.

Vüsal Məmmədov
Analitik Qrup

CANLI YAYIM