Pensiyalar, maaşlar, müavinətlər artacaq - Deputatlar AzTV-də məbləğləri açıqladı

Pensiyalar, maaşlar, müavinətlər artacaq - Deputatlar AzTV-də məbləğləri açıqladı

2 Dekabr, 11:28 Sosial mediada paylaşın:

“2020-ci ildə Azərbaycanda bütün kateqoriyalardan olan pensiyalar, ən azı, 15 faiz artacaq. Minimum pensiya 200 manatdırsa, gələn il 230 manat olacaq”.

Bu sözləri millət vəkili Musa Urud Azərbaycan Televiziyasının “Telesəhər” verilişində qonaq olarkən deyib.

O, orta aylıq pensiyanın da artacağını qeyd edib: “Əmək pensiyaları haqqında qanuna edilən son əlavə və dəyişikliklərə görə, pensiyalar orta aylıq gəlirin artım faizinə görə indeksləşdirilir. 2019-cu ildə bizim orta aylıq əmək haqqımız təxminən 14 faiz artıb. Deməli, gələn il bütün kateqoriyalardan olan pensiyalar, ən azı, 15 faiz artacaq. Minimum pensiya 200 manatdırsa, gələn il 230 manat olacaq.

Hazırda orta aylıq pensiya 250 manat təşkil edirsə, gələn il ərzində bu rəqəm 300 manata çatacaq”.

Deputat 2020-ci ilin dövlət büdcəsi xərclərinin cari illə müqayisədə 6,8 faiz artdığını vurğulayıb: “2018-ci ilin 11 aprel tarixində keçirilən Prezident seçkilərindən sonra Prezident İlham Əliyev xalqın böyük etimadını qazandı və Azərbaycanda hərtərəfli, dərin, keyfiyyətcə yeni bir dövrün başlayacağını bəyan etdi və dərin islahatların başladığını söylədi.

Ötən ilin ikinci yarısından başlayaraq ölkədə iqtisadiyyat sahəsində şəffaflaşma işləri aparıldı. Bunun nəticəsində nəzərdə tutulandan 1 milyarda yaxın əlavə vəsait toplandı. Cənab prezident əlavə vəsaitin, doğru olaraq, əhalinin sosial müdafiəsinə yönləndirilməsi barədə qərar qəbul etdi.

Beləliklə, 2019-cu ilin ilk yarısı dövlətçilik tariximizdə ən dərin, ən köklü sosial islahatlar kimi qalacaq.

Bundan başqa, 2020-ci ilin dövlət büdcəsinin xərcləri cari illə müqayisədə 6,8 faiz artıb. Sosial müdafiə xərclərinin isə 23 faiz artımı nəzərdə tutulub. Bu o deməkdir ki, gələn il əməkhaqları, pensiyalar, müavinətlər artacaq”.

“Telesəhər”in digər deputat qonağı Cavid Osmanov isə açıqlamasında vurğulayıb ki, 2020-ci ilin dövlət büdcəsinin 50 faizi insanların sosial rifahının yaxşılaşdırılması üçün ayrılıb: “2020-ci ilin dövlət büdcəsi müstəqil Azərbaycanın dövlət tarixində ən iri həcmli büdcədir. Bu o deməkdir ki, 2018-ci ildən ölkəmizdə başlanan islahatlar artıq nəticəsini göstərir.

Təkcə onu qeyd eləmək lazımdır ki, 2020-ci ilin dövlət büdcəsində vergilərdən yığılan vəsait 8 milyard manata yaxın olacaq. Dövlət Gömrük Komitəsindən daxil olan vəsait, təxminən, 4 milyard manat təşkil edəcək. Bu isə ümumi dövlət büdcəsinin təxminən 50 faizini təşkil edir.

Növbəti ildə əmək pensiyalarının identifikasiyası nəticəsində əlavə olaraq 475 milyon manat əlavə vəsait lazım olacaq ki, bu da müavinətlərin ödənilməsini təmin etsin.

Eyni zamanda, 2020-ci ilin dövlət büdcəsinin 40 faizi, təxminən 10 milyard manat insanların sosial rifahının yaxşılaşdırılmasına istiqamətlənib.

Bura məcburi köçkünlər və qaçqınların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara müavinətlərin verilməsi, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial rifahının yaxşılaşdırılmasını əlavə etsək, görərik ki, növbəti ilin dövlət büdcəsinin 50 faizi sosial istiqamətdə xərclənəcək”.

CANLI YAYIM