Qarabağ xalçaları ABŞ-da nümayiş olunacaq

Qarabağ xalçaları ABŞ-da nümayiş olunacaq

27 Noyabr, 12:11 Sosial mediada paylaşın:

Ölkə başçısının tapşırığına uyğun olaraq Azərbaycan xalçalarının dünya bazarında öz yerini tutması üçün müvafiq tədbirlər həyata keçirilir. Görülən işlər çərçivəsində yaxın günlərdə Qarabağ xalçalarının Nyu-York və Vaşinqtonda sərgisi təşkil ediləcək.

Bu, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə Amerika Birləşmiş Ştatları - Azərbaycan Ticarət Palatası arasında imzalanan Niyyət Protokoluna əsasən mümkün olacaq.

İlk tədbir dekabrın 2-də ABŞ - Azərbaycan Ticarət Palatasının Vaşinqtonda yerləşən əsas binasında keçiriləcək.

Məlumat üçün bildirək ki, rəngarəngliyi və müxtəlif naxış elementləri ilə zəngin olan, eyni zamanda, xalqımızın xalçaçılıq mədəniyyətində özünəməxsus yer tutan 55 növ Qarabağ xalçası xaricə göndərilib. Məhsulun xarici bazarlara çıxarılmasında əsas məqsəd Azərbaycan xalçalarını dünya brendinə çevirməkdir.

Qeyd edək ki, Azərbaycanda 21 xalça fabriki fəaliyyət göstərir. Gələn il daha 1 müəssisənin açılması nəzərdə tutulub. Bu fabriklərdə indiyədək 13 min kvadratmetrdən çox xalça istehsal olunub. İstehsalı artırmaq məqsədilə toxucular üçün tədris kursları da keçirilir.

 

CANLI YAYIM