Bakıda daha bir həyət abadlaşdırılıb - Leyla Əliyeva açılışda iştirak edib

Bakıda daha bir həyət abadlaşdırılıb - Leyla Əliyeva açılışda iştirak edib

13 Noyabr, 11:25 Sosial mediada paylaşın:

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və təmirsiz həyətlərin abadlaşdırılmasına yönələn “Bizim həyət” layihəsi çərçivəsində Bakıda növbəti həyətin açılışı olub.

AZTV.AZ xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında və kütləvi ağacəkmə kampaniyasında iştirak edib.

Yenilənmiş həyət Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 41, 43, 45, 47, 49, 51, 53 və 55 saylı ünvanlarda 2000 nəfər sakinin yaşadığı binaları əhatə edir. “Bizim həyət” layihəsinin əsas məqsədi Bakıdakı binaların həyətlərinin ekoloji cəhətdən abadlaşdırılması, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat həyat şəraitinin yaradılmasıdır.

Abadlaşan həyətdə 1 mini futbol meydançası, 1 şahmat meydançası, idman qurğuları, uşaqlar üçün oyun meydançası, 12 söhbətgah və 15 oturacaq quraşdırılıb, velosiped yolu salınıb.
Bu cür meydançaların salınmasında məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda müntəzəm idmanla məşğul olma refleksinin yaradılmasına nail olmaqdır.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ağac əkilib və 3000 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb, əraziyə suvarma hidrantı quraşdırılıb. Sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə həyət müşahidə kameraları ilə təchiz edilib.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

Vəfa Ağabalayeva

CANLI YAYIM