Göyçayda XIV Nar festivalı keçirilir

9 Noyabr, 11:21 Sosial mediada paylaşın:

Göyçayda XIV Nar festivalı keçirilir. Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, beynəlxalq təşkilatların və diaspor nümayəndələrinin, yerli və xarici iş adamlarının qatıldıqları möhtəşəm nar bayramında minlərlə insan iştirak edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, XIV Nar festivalı ilə əlaqədar Göyçayda təşkilat komitəsi yaradılıb və tədbirlər planına uyğun olaraq hazırlıq işləri aparılıb. Bayram tədbiri şəhərin Heydər Əliyev parkında və prospektində, habelə şahmat və musiqi məktəblərinin qarşısındakı park və küçələrdə təşkil olunub. Şəhərdə təmizlik-abadlıq işləri görülüb, səliqə-sahman yaradılıb, mərkəzi küçələrə asfalt vurulub, səkilər təmir edilib, binaların fasadı rənglənib, ərazinin bayramsayağı bəzədilməsi üçün xüsusi şüarlar, plakat və lövhələr asılıb.

Bayram tədbirində nar və nar məhsullarının sərgi yarmarkası, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil ediləcək. Tədbirdə qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanacaq nar şirəsinin, nar şərabının, nardançanın, gilələnmiş narın dadına baxacaq, ən böyük nar nümayiş olunacaq. Habelə, festivalda narın satışı da təşkil ediləcək.