Evini satmaq istəyənlərin nəzərinə: vergi azaldılır - Məcəlləyə 7 dəyişiklik

Evini satmaq istəyənlərin nəzərinə: vergi azaldılır - Məcəlləyə 7 dəyişiklik

8 Noyabr, 12:05 Sosial mediada paylaşın:

Azərbaycanda 2001-ci ildə qəbul edilən Vergi Məcəlləsinə yeni dəyişikliklər təklif olunur. Dəyişikliklər 7 istiqamət üzrə müəyyənləşdirilib.

AZTV.AZ xəbər verir ki, təklif edilən ilkin dəyişikliklərdə ədalətli, bərabər və şəffaf fiskal vergi mühitinin təmin olunması əksini tapıb. Əlavə dəyər zənciri inzibatçılığının təkmilləşdirilməsini hədəf seçən maddələrin dəyişdirilməsinə əsasən, ƏDV-nin hesablanması və ödənilməsində vahid yanaşmanın tətbiqi, ƏDV-nin kassa mədaxili əsasında hesablanması nəzərdə tutulur.

Digər dəyişiklik sahibkarlıq subyektlərinin inzibatçılıq yükünün azaldılmasına hesablanıb. Bu zaman elektron vergi hesab-fakturanın ləğvi və müxtəlif növdə elektron qaimə-fakturaların tətbiqi planlaşdırılır.

Növbəti istiqamət isə sosial xarakterlidir və əhalinin maliyyə-vergi yükünün azaldılması əsas məqsəddir. Bu istiqamətdə görüləcək işlər sırasında quş və mal əti satışının daha 4 il müddətinə vergidən azad edilməsi təklif olunur. Həmçinin heyvandarlıq və quşçuluqda yem və yem əlavələrinin də ƏDV-dən azad olunması gözlənilir.

Digər təklifə əsasən, qeydiyyatda olduğu və özünə məxsus evi satanlar üçün vergi yükü azaldılır. Azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddəti 3 təqvim ilinə endiriləcək. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə məlumat verib. O da bildirilib ki, xüsusi mülkiyyətdə olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetri istisnasız vergidən azad olunacaq.

Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması da əsas məqsədlərdəndir. Təklifə əsasən elektron vergi hesab fakturasının tətbiqi, Sənaye və Texnologiyalar Parkının rezidentlərinin vergi güzəştlərinin 7 ildən 10 ilə qaldırılması gözlənilir.

Çoxmənzilli bina tikintisində sadələşdirilmiş verginin ləğvi də planlaşdırılıb. Əvəzində isə bu sahədə fəaliyyət göstərən iş adamlarının “vahid vergi rusumu”na cəlbi planlaşdırılır. Spirtli içkilərin istehsalı ilə bağlı isə aksiz dərəcələrinə yenidən baxılması, növündən asılı olaraq bəzi məhsulların aksiz dərəcələrinin optimallaşdlırılması təklif edilir. “Şüurlu şəkildə vergidən yayınan vergi ödəyicisi “vicdansız vergi ödəyicisi” hesab olunacaq

İclasda yalan əqdlər və riskli vergi ödəyiciləri, vergidən azadolmalar, sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi sahəsində təkmilləşmə, “Beynəlxalq Vergi Tutmada Məlumat Mübadiləsi Öhdəlikləri”nin yerinə yetirilməsi sahəsində də dəyişikliklər təklif edilib. Dəyişikliklər Milli Məclisin Plenar iclasına tövsiyə olunub.

Əli Rzayev

 

CANLI YAYIM