Azərbaycan İtaliyaya zəfəran ixrac edəcək -VİDEO

8 Noyabr, 11:48 Sosial mediada paylaşın:

Azərbaycan İtaliyaya zəfəran ixrac edəcək. Dünyada ona qırmızı qızıl da deyirlər. Azərbaycana isə bu ad çoxdan məlumdur.

Sovet İttifaqı dağılandan sonra Abşeronda zəfəran əkini tədricən azalsa da, indi Azərbaycan zəfəranının əvvəlki şöhrətini qaytarmaq üçün dövlət səviyyəsində işlərə başlanılıb. Belə ki, 2020-ci ildən zəfəran istehsalçılarına hər hektar əkin sahəsinə görə 400 manat subsidiya veriləcək. Abşeronda müasir texnologiyalar vasitəsilə yerli xammal əsasında zəfəranın emalını və ondan müxtəlif növ məhsulların istehsalını həyata keçirən müəssisələr fəaliyyətə başlayıb.

Proqnozlara görə, bu il əkilən 10 hektar ərazidən 30-35 kiloqram zəfəran əldə ediləcək. Keyfiyyəti yüksək olduğu üçün həcmi az olsa da, alıcısı çoxdur. Bu il Azərbaycan zəfəranı İtaliyaya ixrac ediləcək.

Bu arada, Abşeronun soyuq keçməyən qışı, günəşli yayı və münbit torpağı zəfəranın becərilməsi üçün əlverişlidir. Ona görə də xeyirli, həm də gəlirli olan bitkinin əkin sahələrinin gələcəkdə genişləndirilməsi nəzərdə tutulur. Bu həm də əhalinin məşğulluğu deməkdir. Çünki zəfəran ancaq ədviyyat, xammal kimi satılmır. Azərbaycanda onun mürəbbəsindən tutmuş çayına qədər bir çox çeşidi istehsal olunur.

Bu məhsullar “Made in Azerbaijan” brendi altında dünyada tanıdılır. Qeyri-adi məhsullar sərgilərdə böyük diqqət və maraq görür. Bu səbəbdən zəfəran bitkisi ilə hazırlanan məhsulların çeşidi və istehsalı artırılacaq.

Söhbət zəfəranlı dondurma, soyuq çay, enerji içkiləri, limonadlar və şərbətdən gedir.

Ayşəm Rüstəmova