Prezident: “Bakı yaşıl parklar, bağlar şəhəridir”

4 Noyabr, 17:26 Sosial mediada paylaşın:

“Mən şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət edirəm, bir çox layihələrin təşəbbüskarı olmuşam. Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Bakıya gələn qonaqlar, o cümlədən mənim həmkarlarım həmişə paytaxtda gedən quruculuq-abadlıq işləri haqqında öz təəssüratlarını bölüşürlər və qeyd edirlər ki, Bakı doğrudan da dünyanın ən gözəl şəhərlərindən biridir”.

AZTV.AZ xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən deyib.

Ölkə başçısı bildirib ki, şəhərin ekoloji vəziyyəti yaxşılaşır, bir çox önəmli layihələr icra edilib: “Əvvəlki illərdə şəhərin havasını çirkləndirən mənbələr aradan götürüldü. Onların arasında, ilk növbədə, keçmiş Balaxanı zibilxanasını qeyd etməliyəm. Bu zibilxana elə bir tüstü buraxırdı ki, havanın keyfiyyəti böyük dərəcədə aşağı düşmüşdü və insan sağlamlığına böyük zərər verirdi. İndi keçmiş Balaxanı zibilxanasının yerində müasir poliqon qurulub və zibilin çeşidlənməsi, bərk məişət tullantılarının yandırılması istiqamətində böyük addımlar atılıb, böyük investisiyalar qoyulub, zibilyandırma zavodu inşa edilibdir. Biz bu ekoloji fəlakət mənbəyini aradan götürdük.

Digər ekoloji fəlakət mənbəyi Bibiheybət neft mədənləri idi. Oradakı vəziyyət, ümumiyyətlə, çox acınacaqlı idi, neftlə çirklənmiş yerlər, gölməçələr. Bunların hamısı aradan götürüldü. İndi orada gözəl park salınıb və vətəndaşların sərəncamına verilib. Eyni zamanda, idman şəhərciyi yaradılıb, müasir idman hovuzu, digər ictimai obyektlər tikilib.

Eyni zamanda, Böyükşor gölü də böyük təhlükə mənbəyi idi. Onilliklər ərzində Böyükşor gölünə axıdılan kanalizasiya, lay suları, neftlə çirklənmiş sular o bölgəni də ekoloji fəlakət zonasına çevirmişdi. Biz oranı da təmizlədik, Böyükşor gölünün bir hissəsi tam ekoloji standartlara cavab verir, köçəri quşlar oraya qonur. Göl üzərində yeni yol çəkilib və gölün ikinci hissəsinin təmizlənməsi istiqamətində işlər gedir. Olimpiya Stadionu vaxtilə bataqlıq kimi tanınan yerdə tikilibdir”.

Prezident qeyd edib ki, ağacların əkilməsi şəhərin ekoloji vəziyyətini böyük dərəcədə yaxşılaşdırır: “Milyonlarla ağac əkilmişdir. Bu gün Bakı yaşıl parklar, bağlar şəhəridir. Parkların sayına görə, hesab edirəm ki, Bakı dünya miqyasında ən qabaqcıl yerlərdədir. Bizim ən böyük parkımız olan bulvarın məsafəsi 3 kilometrdən 15 kilometrə uzadıldı. Mərkəzi Park indi şəhərə yeni yaraşıq verir. Sovetski adlandırılan ərazidə 20 hektarda çox gözəl, abad park salınıb. Heydər Əliyev Mərkəzinin önündə, Konqres Mərkəzinin önündə, - vaxtilə Səttarxan zavodunun ərazisi olan bu yer də ekoloji təhlükə mənbəyi idi, - 20 hektar ərazidə park salınıb və vətəndaşlar böyük həvəslə bu imkanlardan istifadə edirlər. Vaxtilə havanı çirkləndirən lampa zavodu, şifer zavodu və digər müəssisələr köçürüldü, onların yerində nəqliyyat infrastrukturu yaradılmışdır. Bir sözlə, bu gün Bakı həm ekoloji, həm də rahatlıq baxımından çox sürətlə inkişaf edən şəhərdir”.