Xınalıqda qarın hündürlüyü 14 santimetrə çatıb

3 Noyabr, 11:41 Sosial mediada paylaşın:

Quba rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 14 santimetrə çatıb.

Qar yağması ilə əlaqədar Qubanın Qırız və Xınalıq kəndlərində, həmçinin Qusarın Ləzə kəndində temperatur mənfi 10 dərəcəyədək enib. Qarın hündürlüyü Xınalıq və Qırızda 14 santimetr, Ləzə kəndində isə 10 santimetrdir.

Qar səbəbindən Quba rayonunun ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır.

Daha təhlükəli sayılan Quba-Xınalıq yoluna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin növbətçi briqadaları nəzarət edir. Yolun qarla örtülən hissəsi təmizlənib, əraziyə qum-duz qarışığı səpilib. Yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində problem yoxdur.