Yeni reform mərhələsi: şəffaf iqtisadiyyat, sosialyönümlü addımlar və kadr islahatları - ŞƏRH

Yeni reform mərhələsi: şəffaf iqtisadiyyat, sosialyönümlü addımlar və kadr islahatları - ŞƏRH

18 Oktyabr, 14:23 Sosial mediada paylaşın:

2019-cu il Azərbaycan üçün sosial islahatlar ili kimi xarakterizə oluna bilər. Məhz bu il Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən iki ardıcıl sosial paket 4 milyon 200 mindən çox vətəndaşı əhatə etdi, əməkhaqları, pensiyalar, müavinətlər artırıldı.

Bu islahatların maddi qaynağı şəffaflaşdırma məqsədilə görülmüş tədbirlər nəticəsində dövlət büdcəsinə daxil olan vəsaitlər idi.

Beləliklə, cari il həm də sağlam, şəffaf iqtisadiyyatın möhkəmləndirilməsi ilə səciyyəvi oldu. Təsadüfi deyil ki, ölkə rəhbərliyinin dəyişikliklərə, yəni islahatlara meyillilik səviyyəsinə görə Azərbaycan dünyada 5-ci yerdədir. 


Azərbaycan Prezidenti İlham Əliyevin yanında oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə dövlət başçısı məhz bu kontekstdə olduqca mühüm məqamlara toxundu.

Dövlət başçısı bildirdi ki, minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir. Orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir.

Ancaq bu, Azərbaycan üçün son hədd deyil. Məqsəd bütün mövcud potensialı aşkarlamaq və tam realizə etməkdir.

Prezident İlham Əliyevin “Əlbəttə ki, bu, bizi qane edə bilməz. Ancaq mən müqayisə üçün bunu bildirməliyəm. Hər şey müqayisədə ölçülür. Gələcəkdə də minimum əməkhaqqının, minimum pensiyanın artırılması üçün bizdə iradə var və imkanlar buna uyğun olmalıdır. Buna nail olmaq üçün bütün maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir. Hazırda kifayət qədər çox ehtiyatlarımız var və hökumət qarşısında vəzifə qoyulub ki, biz bütün bu ehtiyatları aşkarlayaq və həm büdcə gəlirlərimizi artıraq, həm də büdcə xərclərimiz məqsədyönlü və şəffaf olmalıdır” fikirləri yalnız resursların səmərəli istifadəsini deyil, həm də ölkə iqtisadiyyatının şəffaflaşdırılması yolu ilə büdcəyə vəsaitlərin daxil olması məqsədini özündə ehtiva edir.

Xüsusilə vergi və gömrük sahələrində aparılan islahatlar effektiv nəticələr verib. Belə ki, ilin 9 ayı ərzində məhz bu iki sektordan dövlət büdcəsinə plandan əlavə, 700 milyon manatdan çox vəsait daxil olub.

Bununla belə prezident bildirib ki, mövcud potensial daha genişdir.

Sitat: “Bu gün də hələ bir çox şirkətlər vergiləri tam ödəmirlər. Onların qara mühasibatlığı var. Bəzi şirkətlərdə işləyənlər orada qeydiyyata alınmır. Düzdür, son müddət ərzində on minlərlə iş yeri rəsmiləşdirildi və beləliklə, qara bölgədən ağ bölgəyə transfer olundu. Amma bu, kütləvi xarakter daşımalıdır. Bir çox özəl şirkətlər vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayır”.

Prezident qeyd edib ki, vergi orqanları, digər hüquq-mühafizə orqanları bu tipli dırnaqarası sahibkarlara qarşı çox ciddi tədbirlər görməlidirlər: “Həmin sahibkarlar da bilməlidirlər ki, vergiləri ödəmək onların borcudur. Onlardan heç bir başqa ödəniş tələb oluna bilməz. Mən bütün qurumlar qarşısında bu vəzifəni qoydum, maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır. Ancaq sahibkarlar dövlət vergisini tam şəkildə ödəməlidirlər. Biz bu vergilər hesabına sosial layihələri icra edirik, vergilər hesabına köçkünləri yerləşdiririk, vergilər hesabına ordumuzu gücləndiririk. Ona görə də vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir”.

 

Vətəndaş fəallığına çağırış

Şübhəsiz ki, şəffaflığın təmin olunması ilk növbədə, korrupsiya və rüşvətxorluq sahəsində effektiv addımların atılmasını tələb edir. Real tədbirlər üçün isə vətəndaş fəallığı vacibdir. Prezident İlham Əliyev bu yöndə də çağırış edib.

Sitat: “Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin. Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Hesab edirəm ki, hazırda bu mübarizə bizi tam qane edə bilməz. Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər. Vətəndaşlar da öz növbəsində məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdırlar ki, biz islahatları aparaq və ölkəmizin qüdrətini artıraq”.

 

Kadr islahatları anonsu

Azərbaycan hazırda çoxspektrli islahatlar dövrünü yaşayır. İslahatlar demokratik dəyərlərin möhkəmlənməsi, iqtisadi  diversifikasiya, qeyri-neft sektorunun inkişafı, sosialyönümlü tədbirləri, eləcə də kadr islahatlarını əhatə edir. Təkcə 2019-cu ildə bir çox struktur rəhbərlərinin dəyişdirilməsi, xüsusilə gənclərə müxtəlif sahələrdə etimad göstərilməsini xüsusi olaraq vurğulamaq olar.

Dövlət başçısı son toplantıda kadr islahatlarının bundan sonra da davam edəcəyini açıq mətnlə anons edib: “Hazırda gələn ilin büdcəsi hazırlanır və bilirsiniz ki, büdcə hər bir ölkənin əsas sənədlərindən biridir. Yeni hökumət qarşısında bir çox vəzifələr qoyulub. Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik? Düzdür, islahatlar aparılır, dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, ehtiyatlarımız çoxdur. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük. Hesab olunurdu ki, bizdə elə sahələr var ki, orada islahatlar aparıla bilməz. Onlardan biri də vergi sistemidir. Hesab olunurdu ki, necə deyərlər, o biabırçı vəziyyət əbədi qalmalıdır və burada heç bir irəliləyişə nail ola bilmərik. Amma hər kəs gördü ki, biz vəziyyəti islahatlar yolu ilə düzəldə bildik. Büdcəyə 100 milyonlarla manat vəsait daxil olub, digər sahələrdə də həmçinin”.

 

Alternativ yoxdur!

Prezidentin çıxışının məğzində başlıca olaraq bu tezis dayanır: İslahatlara alternativ yoxdur! İslahatların davamlı xarakter almasında maraqlı olmayanlar isə hökümət komandasında təmsil olunmayacaqlar. “Sosial müdafiə sahəsində nə qədər pozuntular olub. Yeni nazir Sahil Babayev bunları üzə çıxardı və çox ciddi islahatlar aparır. Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz” – deyə prezident yeni mərhələnin xarakterini şərh edib.

 

...artıq özlərini ifşa etmiş olacaqlar

Dövlət başçısı bəzi qurumların xərclər üçün şişirdilmiş rəqəmlər təqdim etdiyini, bunun yolverilməz olduğunu və belə strukturların cəzalandıralacağını birmənalı şəkildə bildirib: “Gələn ilin xərclərinə biz çox böyük diqqətlə baxmalıyıq və burada şəffaflığı tam təmin etmək üçün hökumət gərək təkliflər versin. Tezliklə, ilin sonuna qədər bu təkliflərə baxılacaq. Beləliklə, əminəm ki, biz eyni həcmdə olan işi az vəsaitlə icra edə bilərik. Buna nail olmaq üçün, ilk növbədə, şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır. Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər. Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, - bunu təkcə onların boynuna atmaq olmaz, - hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər. Beləliklə, biz büdcəyə böyük qənaət edərik, maaşların, pensiyaların artırılmasına imkan yaradarıq və şəffaflığı təmin edə bilərik”.

Beləliklə, prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirənin təhlili deməyə əsas verir ki, yeni reform paketinin təbiqinə başlanılıb və bu mərhələnin nəticələri sosialyönümlü tədbirlərə, ölkə vətəndaşının sosial rifahının daha da yaxşılaşdırılmasına və infrastrukturun yeni çağırışlara uyğunlaşdırılmasına hesablanıb.

 

Vüsal Məmmədov

 

CANLI YAYIM