Nazir anons etdi: “Orta aylıq pensiya məbləği 293 manata çatdırılacaq”

17 Oktyabr, 11:23 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirədə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ölkə başçısının tapşırığına uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirlərinin optimallaşdırılması istiqamətində görülən işlərdən danışıb.

AZTV.AZ xəbər verir ki, nazir Fondun büdcəsinin 4 milyard 825 milyon manat məbləğində proqnozlaşdırıldığını, bunun cari ilə nisbətən 16,9 faiz çox olduğunu deyib, 697 milyon manat əlavə vəsaitin məhz əhalinin ödənişlərinə yönəldiləcəyini vurğulayıb. Ümumi sosial sığorta yığımlarında 22,5 faiz artımın olduğunu bildirən nazir Fondun gəlirlərində qeyri-büdcə təşkilatlarının payının artdığını vurğulayıb.

Transfertin məbləğinin cari illə müqayisədə 81 milyon manat artacağını qeyd edən Sahil Bababyev qeyd edib:

“Transfertin məbləği 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 39 faizini təşkil edirdisə, artıq 2018-ci ildə bu, 35,6 faizə düşüb, 2019-cu ildə 32,8 faizə, 2020-ci ildə isə 29,6 faizə düşəcək ki, bu da iki il ərzində 8 faizlik azalma deməkdir. Bu da Dövlət Sosial Müdafiə Fondunun dayanıqlılığı, onun maliyyə müstəqilliyinin təmin edilməsi baxımından çox önəmli amildir. Əhaliyə ödənişlər 4 milyard 684 milyon manat məbləğində olacaq. Yəni, ümumi gəlirlərin 97,1 faizi məbləğində və bunlardan da əmək pensiyalarının ödənişi 4 milyard 570 milyon manat məbləğində olacaq. Ümumi artımın 16,6 faiz olacağı gözlənilir. 651 milyon 700 min manat məbləğində artım gözlənilir. Bu 651 milyon 700 min manatın 475 milyon manatı məhz Sizin təşəbbüsünüzlə həyata keçirilən əməkhaqqı artımları nəticəsində ölkədə orta əməkhaqqının artmasının nəticəsi olacaq. Beləliklə, indeksasiya nəticəsində gələn ildən etibarən ölkədə əmək pensiyaları bir daha artırılacaq və bu artımın nəticəsi olaraq əlavə 475 milyon manat vəsaitin vətəndaşlarımıza ödənilməsi planlaşdırılır. Eyni zamanda, 114 milyon manat məcburi sosial sığorta haqları hesabına verilən müavinətlər qismində vətəndaşlarımıza ödəniləcək”.

Nazir bildirib ki, dövlət büdcəsinin öhdəlikləri bu il də balanslaşdırılmış büdcə modeli üzərində qurulduğundan transfertin həcmi ciddi şəkildə azalıb:

“Ötən il əhaliyə ödənişlər 1,1 milyard manat artdığı təqdirdə, transfertə cəmi 89 milyon manat ayrılıb. Bu da onu göstərir ki, 1 milyard manatdan artıq vəsait məhz Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artması hesabına qarşılanıb və büdcə üçün əlavə bir yük yaratmayıb”.

Nazir qeyd edib ki, hazırlanan proqnozlar əsasında gələn il ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin 16 faiz artımına və orta aylıq pensiya məbləğinin 293 manata çatdırılması planlaşdırılır: “Aparılan optimallaşma, eyni zamanda, əsassız əldə edilən pensiyaların ləğvi nəticəsində artıq cari ilin 9 ayı ərzində 99 milyon manata qənaət edilib ki, növbəti dövrlər ərzində də bu məbləğ daha da artacaq və əmək pensiyalarının davamlı şəkildə artımı təmin ediləcək”.

Sahil Babayev minimum əmək pensiyasının 200 manata çatdırıldığını, bununla da ölkəmizin MDB məkanında alıcılıq qabiliyyəti indeksi üzrə birinci yerdə olduğunu bildirdi. Qeyd etdi ki, orta aylıq pensiya alıcılıq qabiliyyətində də ölkəmiz MDB məkanında ilk ikilikdə qərarlaşa bilər.

Dövlət Sosial Müdafiə Fondunun xərclərinin strukturunun optimallaşdırılması üzrə görülən işlərdən danışan nazir deyib ki, İşsizlikdən Sığorta Fondunun gəlirləri çərçivəsində növbəti ildə 128,2 milyon manatlıq büdcə formalaşdırılıb. Burada artım 30 faizdən çoxdur. Bu məbləğin 111 milyon 900 min manatı məhz işsizlikdən sığorta haqlarının yığımlarına yönəldiləcək. Qeyri-büdcə təşkilatlarının sayı artıq 68 faizə çatıb ki, büdcə təşkilatlarından toplanan payın ümumi gəlirlərdəki payı daha da aşağı düşüb. Eyni zamanda, cari ildən gözlənilən 16 milyon manatlıq qalıq vəsait növbəti ildə xüsusilə özünüməşğulluq proqramının maliyyələşdirilməsinə yönəldiləcək.

Çıxışını davam etdirən Sahil Babayev deyib: “Xərclərimiz 128 milyon 200 min manat məbləğində nəzərdə tutulur və bunun ana xəttini Sizin tapşırığınıza müvafiq olaraq İşsizlikdən Sığorta Fondu hesabına maliyyələşdirilən özünüməşğulluq layihəsi təşkil edir, 63 milyon manat vəsait məhz özünüməşğulluq layihəsinə yönəldiləcək. Gələn il ərzində sırf İşsizlikdən Sığorta Fondu hesabına 11 min ailənin özünüməşğulluq layihələrində iştirakının maliyyələşdirilməsi planlaşdırılır”.