Prezident İlham Əliyev: “Aparılan islahatlar öz bəhrəsini verir”

Prezident İlham Əliyev: “Aparılan islahatlar öz bəhrəsini verir”

17 Oktyabr, 10:20 Sosial mediada paylaşın:

“Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Əlbəttə, biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik”.

AZTV.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iqtisadi müşavirə zamanı səsləndirib.

Dövlət başçısı bildirib ki, yenə də qeyri-neft sənayesi sahəsində yüksək göstəricilər mövcuddur: “Beləliklə, qeyri-neft sənayemiz 15 faizdən çox artıb. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər.

Bununla bərabər, bildiyiniz kimi, son illərdə kənd təsərrüfatına böyük investisiyalar qoyulmuşdur. Kənd təsərrüfatının inkişafı prioritet sahə kimi müəyyən edilmişdir. Mən, eyni zamanda, əvvəlki illərdə bir qədər təəccüblənirdim ki, nə üçün bu qədər investisiyaların müqabilində, bu qədər dəstəyin, subsidiyaların, güzəştli şərtlərlə verilmiş kreditlərin olduğu bir zamanda kənd təsərrüfatında artım 2-3 faiz idi. Ancaq hazırda bu sahədə də ciddi irəliləyiş müşahidə olunur. Beləliklə, kənd təsərrüfatı doqquz ayda 7 faizdən çox artmışdır.

Digər iqtisadi göstəricilərimiz də çox müsbətdir. Bizim xarici dövlət borcumuz çox aşağı səviyyədədir - ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik. Onu da bildirməliyəm ki, bizdən daha yaxşı nəticəsi olan ölkələrin bəziləri o ölkələrdir ki, onlara, ümumiyyətlə, xaricdən heç bir kredit verilmir. Ona görə də onların yüksək pillədə olması əlbəttə ki, obyektiv mənzərəni əks etdirmir. Beləliklə, biz dünya miqyasında xarici borcun aşağı səviyyəsinə görə qabaqcıl yerdəyik. Bunu bir daha demək istəyirəm, mən hökumət qarşısında vəzifə qoymuşam ki, biz xarici dövlət borcumuzu ildən-ilə azaldaq və gələn ilin büdcəsində bu, nəzərdə tutulur”.

Prezident İlham Əliyev inflyasiyanın çox aşağı səviyyədə olduğuna diqqət çəkib, qeyd edib ki, bu, 2 faizdən bir qədər çoxdur: “Nəzərə almalıyıq ki, bu il çox ciddi və böyük sosial paket reallaşdı – 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşdı, pensiyalar, əməkhaqları, müavinətlər artırıldı. Yəni, bu məqsədlər üçün milyardlarla manat vəsait xərclənib və bu vəsait sosialyönümlü istiqamətə nəzərdə tutulurdu. Buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir. Bu, çox yaxşı göstəricidir. Əhalinin gəlirləri yenə də inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir.

Minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir. Orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir. Əlbəttə ki, bu, bizi qane edə bilməz. Ancaq mən müqayisə üçün bunu bildirməliyəm. Hər şey müqayisədə ölçülür. Gələcəkdə də minimum əməkhaqqının, minimum pensiyanın artırılması üçün bizdə iradə var və imkanlar buna uyğun olmalıdır. Buna nail olmaq üçün bütün maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir. Hazırda kifayət qədər çox ehtiyatlarımız var və hökumət qarşısında vəzifə qoyulub ki, biz bütün bu ehtiyatları aşkarlayaq və həm büdcə gəlirlərimizi artıraq, həm də büdcə xərclərimiz məqsədyönlü və şəffaf olmalıdır”.

 

CANLI YAYIM