Deputatdan maraqlı addım: Kitab alıb gənclərə və tələbələrə payladı

Deputatdan maraqlı addım: Kitab alıb gənclərə və tələbələrə payladı

14 Oktyabr, 13:52 Sosial mediada paylaşın:

Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev gəncləri kitab oxumağa təşviq etmək, mütaliə həvəsini daha da gücləndirmək məqsədilə maraqlı addım atıb.

AZTV.AZ xəbər verir ki, N.Həmzəyev “Facebook” hesabında gənclərə və tələbələrə müraciət edərək, onların oxumaq istədikləri kitabı almağa hazır olduğunu bəyan edib: “Dəyərli dostlar, əziz gənclər və Gəncə şəhərində təhsil alan tələbələr! Son zamanlar kitab oxumağa artan marağınızı nəzərə alaraq sevdiyiniz 100 kitabı sizə hədiyyə etmək istəyirəm. Ən çox sevdiyiniz və Gəncə şəhərində sizin üçün satın ala biləcəyim kitabların adlarını şərh bölümündə qeyd edin, ən qısa zamanda və böyük fəxarət hissi ilə oxumaq istədiyiniz kitabı sizə şəxsən hədiyyə edəcəyəm. Lakin kiçik bir şərtim var. Hədiyyə etdiyim kitabdan öyrəndiklərinizi “Kitab Klubu”nda birlikdə müzakirə edəcəyik!”

Milli Məclisin deputatının bu təşəbbüsü gənclər tərəfindən maraqla qarşılanıb. Şərh bölməsində gənclər sevdikləri yazıçıların əsərlərini yazıblar.

N.Həmzəyev gənclərlə görüşüb və istədikləri kitabları onlara təqdim edib.

Gənclər YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin “Kitab Klub”unda bir araya gəlib hədiyyə aldıqları kitabları müzakirə edəcəklər.

CANLI YAYIM