“II Azərbaycan Xalq Mahnıları” festivalı növbəti gününə yekun vurdu

“II Azərbaycan Xalq Mahnıları” festivalı növbəti gününə yekun vurdu

12 Oktyabr, 19:33 Sosial mediada paylaşın:

“II Azərbaycan Xalq Mahnıları” festivalı çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Televiziyası “Mədəniyyət” Kanalının direktoru, festivalın bədii rəhbəri, əməkdar artist Ramil Qasımovun Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti, Orxan Həşimovun dirijorluğu ilə keçən konserti baş tutub. Konsertdə incə zövqlə seçilmiş Azərbaycan xalq mahnıları yeni oranjemanda təqdim olunub və tamaşaçılar tərəfindən böyük şövq və istiqanlılıqla qarşılanıb.

Tədbiri Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova açıq elan edərək, festivalın keçirilmə təşəbbüsünü yüksək qiymətləndirib. O, həmçinin Azərbaycan xalq mahnılarının qədim dövrdən bu günə qədər qorunaraq, dahi bəstəkar Üzeyir Hacıbəyli yaradıcılığından başlayaraq bütün bəstəkarlarımızın dönə-dönə müraciət etdiyi xəzinə olduğunu qeyd edib.

Daha sonra əməkdar artist Ramil Qasımov dövlət qayğısının, diqqətinin nəticəsi olaraq təşkil olunan bu cür tədbirlərin əhəmiyyətindən danışıb. Ramil Qasımovun məlahətli səsi ilə Azərbaycan xalq mahnıları həm yerli, həm də xarici musiqisevərlərə xoş anlar yaşadıb.

Konsertin dinamik repertuarında daha bir maraqlı məqam da var idi ki, bu da əməkdar artist Ramil Qasımovun dirijor pultu arxasında çıxışı oldu. O, Niyazinin “Rast” simfonik muğamından bir fraqmenti öz təfsirində tamaşaçılara təqdim etdi.

CANLI YAYIM