Beynəlxalq Təhsil Sərgisi başa çatdı

Beynəlxalq Təhsil Sərgisi başa çatdı

12 Oktyabr, 19:11 Sosial mediada paylaşın:

Bakı Expo Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi (“EduExpo”) oktyabrın 12-də başa çatıb.

AZTV.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, üç gün davam edən sərgiyə 22 ölkədən 150-dən çox təhsil qurumu qatılıb.

Sərginin sonuncu günü Rusiya Yazıçılar İttifaqının üzvü, “Smeşariki” layihəsinin həmmüəllifi və “Fiksiki” layihəsinin bir neçə seriyasının ssenari müəllifi, tanınmış uşaq yazıçısı İqor Şevçuk ilə görüş keçirilib. Görüşdə uşaqlara cizgi filmi təqdim olunub. İqor Şevçuk uşaqlarla əyləncəli oyunlar keçirib. Rusiyalı yazıçı ilə görüş uşaqların marağına səbəb olub.

“Landau School” və “Leznik&Co” şirkətlərinin həmtəsisçisi Emil Leznik, “Dərs Evi” təhsil mərkəzinin ictimaiyyət və dövlət qurumları ilə əlaqələr üzrə meneceri Elvira Bağırova, “You will speak” təhsil mərkəzinin direktoru Günay Rəsulova, “CELT Colleges” dil kurslarının direktoru Baba Kərimli və “Motivated Outstanding Mothers” təşkilatının təsisçisi Aysel Hüseynovanın iştirakı ilə “EduTalks” – “Müasir təhsil sistemindəki nailiyyətlər və əsas məqsədlər” mövzusunda müzakirə paneli təşkil olunub. Ekspertlər panel çərçivəsində sərgi auditoriyası ilə “canlı” dialoq formatında müasir təhsil xüsusunda öz fikirlərini bölüşüblər.

Təhsil sərgisi (“EduExpo”) çərçivəsində “Azərbaycanda Erasmus+” mövzusunda təqdimat olub. Təqdimatı Azərbaycanda Milli “Erasmus+” ofisinin direktoru Pərviz Bağırov edib. O, “Erasmus+” proqramının Azərbaycan universitetləri üçün yaratdığı imkanlar, mövcud proqramlar və onlara qəbul şərtləri ilə bağlı ali məktəb nümayəndələrini məlumatlandırıb. Bildirib ki, “Erasmus+” Avropa İttifaqının xaricdə təhsil almaq üçün gənclərə dəstək olan ən böyük təhsil proqramıdır. Proqram Azərbaycandan hər il 1000 nəfərə xaricdə pulsuz təhsil almaq imkanı verir. “Erasmus+” ofisi ölkəmizdə təhsil siyasətinin inkişafını yaxından izləyir. İnteraktiv şəkildə təşkil olunan təqdimatda iştirakçıların sualları cavablandırılıb.

Sərginin sonuncu iş günündə məktəblilər üçün “Fibonaççi”, “Babil qüllələri” və “Octopus” kimi bir sıra intellektual oyunlar da keçirilib.

Xatırladaq ki, sərginin birinci günündə “Universitetlərə səyahət” adlı layihə reallaşdırılıb. Bu layihə əsnasında “EduExpo”nun iştirakçıları təmsil etdikləri təhsil müəssisələrinin imkanları barədə, hər biri 15 dəqiqə olmaqla, təqdimat ediblər və valideynləri maraqlandıran sualları cavablandırıblar.

Sərginin ikinci günündə “Təhsil TV” Media Mərkəzində “Olimpiadalarda qazanılan uğurlar, regionlarda lisey siniflərinin açılması”, “Hesablayıcı düşüncə meydançası – “Polyup” platformasının təhsildə tətbiqi”, “Məktəb tikintisi, cari ildə yeni istifadəyə verilən təhsil müəssisələri”, “Peşə təmayüllü siniflərin açılması”, “Çevik bacarıqlar (Soft skills) müasir dövrdə”, “eTwinning Plus: layihə əsaslı öyrənmə”, “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti” mövzularında təqdimatlar keçirilib, aşpaz ixtisasını bitirmiş və hazırda 5 ulduzlu otellərdən birində çalışan məzun, habelə işəgötürənlərin iştirakı ilə “TED Talk” təşkil edilib.

Yerli və xarici ali təhsil müəssisələrinin, eləcə də Azərbaycanın aparıcı şirkət nümayəndələrinin iştirakı ilə “B2B” formatlı görüşlər keçirilib.

Beynəlxalq Təhsil Sərgisinin maraqlı məqamlarından biri də Avropa universitetlərinin təqdimatı olub. Təqdimatda iştirakçılara Avstriya, Latviya, Fransa, Rumıniya və Macarıstanda təhsil, Şərq Tərəfdaşlığı Avropa Məktəbi və “Erasmus+” proqramı haqqında ətraflı məlumat verilib. İştirakçılar, eyni zamanda, bu ölkələrin ali təhsil sistemi, tədris və təqaüd proqramları, universitetlərə qəbul qaydaları barədə məlumatlandırılıb. İnteraktiv şəkildə davam edən təqdimatda suallar cavablandırıb.

“EduExpo” çərçivəsində BP şirkəti “Mühəndislikdə müxtəliflik” mövzusunda təqdimat keçirib. Məktəblilərin və tələbələrin iştirak etdiyi tədbirdə şirkətin mühəndis-texnoloqu Əli Novruzov “Mühəndislikdə gender balansı və müxtəliflik” mövzusunda danışıb. Şirkətin modernləşmə və transformasiya üzrə rəhbəri Rəşad Bayramov “BP, insanlar və bərabərlik” mövzusunda təqdimatla çıxış edib. BP şirkətinin əməkdaşları Anar Vəliyev, Esmira Qüdrətova, Elxanə İsmayılova, Günay Şamilova, Nigar Zülfüqarova, Günəş Əliyeva müxtəlif mövzularda təqdimatlar edib, iştirakçılarla öz uğur hekayələrini bölüşüblər.

Təhsil Nazirliyi sərgidə geniş pavilyonda təmsil olunub. İştirakçılara “Rəqəmsal bacarıqlar”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Univerium” yataqxanası, “Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi”, “Escape room”, “Məktəbdənkənar fəaliyyət”, “Təhsil Texnologiyalar Mərkəzi”, “Gənc Müəllimlər Assosiasiyası”, “Bir” tələbə-könüllü proqramı”, “SABAH” qrupları ilə bağlı stendlər və “Təhsil TV” Media Mərkəzi təqdim olunub.

Qeyd edək ki, “EduExpo” ölkədə və regionda təhsil sahəsinə həsr olunan, aparıcı yerli və xarici ali təhsil müəssisələrini, təhsil mərkəzlərini, dil kurslarını, eləcə də xaricdə təhsil şirkətlərini bir araya gətirən irimiqyaslı beynəlxalq sərgidir.

“EduExpo 2019” sərgisində Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt, Gəncə, Lənkəran Dövlət universitetləri olmaqla ümumilikdə 44 yerli ali təhsil müəssisəsi iştirak edib.

Bu il sərgidə Almaniya, Belarus, Çex Respublikası, İran, Qazaxıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələr xaricdə təhsil üzrə imkan və şərtlərini təqdim ediblər. Eyni zamanda, Avropa İttifaqının birləşmiş stendi debüt edib.

Türkiyə sərgidə milli stend ilə çıxış edib. Rusiyanın regional qrupları Moskva və Novosibirsk şəhərlərinin təhsil müəssisələri ilə təmsil olunublar. Lodzi İqtisadi-Humanitar Akademiyası, Moskva Fasiləsiz Təhsil İnstitutu (FTİ), Lüblin Mariya Küri-Sklodovskaya Universiteti, Daşkənddə yerləşən Sinqapur Menecmentin İnkişafı İnstitutu, Novosibirsk universitetləri, eləcə də Azərbaycanın bir sıra təhsil müəssisə və strukturu sərgidə debüt ediblər.

Sərginin baş sponsoru “Kapital Bank” olub. Sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə keçirilib.

CANLI YAYIM