Bakıda beynəlxalq “Caspian Air Cargo” sammiti öz işinə başlayıb

Bakıda beynəlxalq “Caspian Air Cargo” sammiti öz işinə başlayıb

8 Oktyabr, 16:14 Sosial mediada paylaşın:

Oktyabrın 8-də Bakıda ənənəvi ikigünlük beynəlxalq “Caspian Air Cargo 2019” sammiti keçirilir.

“Silk Way Airlines” şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sammitin təşkilatçıları qismində Azərbaycanın milli yük aviadaşıyıcısı “Silk Way” və İsveçin “Euroavia International” şirkəti çıxış edir. 200-dən çox menecer və tanınmış dünya şirkətlərinin rəhbərlərinin qatıldığı illik forum çərçivəsində logistika sahəsində mövcud tendensiyalar, habelə yaxın gələcək üçün proqnozlar müzakirə ediləcək.

Sammitdə “İpək Yolu”nun bölgədəki aviaşirkətlər və hava limanları üçün potensialının açılması mövzusuna xüsusi diqqət yetiriləcək. Həmçinin ayrı-ayrı sessiyalar logistika sahəsindəki innovasiyalara, MDB üzrə yükdaşımalar bazarındakı yeniliklərə, elektron ticarətə və digər aktual mövzulara həsr olunacaq.

Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasətin ölkəmizin beynəlxalq arenada əhəmiyyətini daim artırdığını qeyd edib.

“Azərbaycanın mülki aviasiyası ölkənin qeyri-neft sektorunun inkişafına mühüm töhfə verir və bu gün bu sahədə mövqeləri möhkəmləndirmək üçün yeni imkanlar araşdırılır. Bu gün Şərq və Qərb arasında körpü kimi çıxış edən Azərbaycan beynəlxalq arenada tranzit daşımalar üzrə əsas tərəfdaşlardan biri kimi qəbul edilir”, – deyə A.Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın mülki aviasiyası qarşısında qoyulan bütün vəzifələr uğurla icra edilir və Heydər Əliyev Beynəlxalq Aeroportunun mühüm logistika “HUB”ına çevrilməsi bunu bir daha təsdiqləyir.

Qeyd edək ki, son illər “Silk Way” aviaşirkəti fəaliyyət sahəsini xeyli genişləndirərək əsas “HUB”ı Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu olan “Avropa-Asiya” tranzit bazarında iri aviadaşıyıcıya çevrilib.

2012-ci ildə əsası qoyulduğu gündən yükdaşıyıcısı bütün dünyada bir çox istiqaməti əhatə etmək üçün marşrut şəbəkəsini daim genişləndirir. “Silk Way” Bakıdan on “Boeing 747” təyyarəsi ilə Honkonq, Osaka, Seul, Dəkkə, Şanxay, Sinqapur, Kuala-Lumpur, Çikaqo, Milan, Amsterdam, Lüksemburq, İstanbul, Dubay və bu kimi böyük nəqliyyat mərkəzlərinə reyslər həyata keçirir.

CANLI YAYIM