Səyyar “ASAN xidmət” Yevlaxda

8 Oktyabr, 13:49 Sosial mediada paylaşın:

“ASAN xidmət” mərkəzlərinin hələ fəaliyyət göstərmədiyi bölgələrdə əhaliyə səyyar xidmət göstərilir. Bununla həmin rayonların əhalisinə də dövlət xidmətlərinin əlçatanlığı təmin olunur. Hazırda səyyar avtobusların biri Yexlax rayonundadır.

Yevlax rayon sakinlərinin işi səyyar “ASAN xidmət”in hesabına asanlaşıb. “ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilən xüsusi avtobuslarından biri oktyabırın 4-dən bu rayondadır. Sakinlərə səyyar xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlər arasında natoriat fəaliyyəti, vətəndaşlıq vəziyyətlərinin dövlət qeydiyyatı, əmək pensiyalarının təyini, mənzillər və fərdi yaşayış evləri üzərində ilkin və təkrar qeydiyyatın alınması barədə çıxarışların və texniki pasportların verilməsi, sürücülük vəsiqəsinin dəyişdirilməsi də var.

Sakin Çingiz Mikayılov səyyar xidmətə pasportunu dəyişmək üçün müraciət edib: “Çox asan, çox rahat sənədləşdirmə aparıldı, heç bir narazılığım yoxdur. Ödəniş eləmişəm. Deyilən vaxtda - on gün müddətinə xarici pasportumu alacağam”.

Səyyar xidmətin qrup rəhbəri Murad İbrahimov Azərbaycan Televiziyasına bildirib ki, şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportları ilə bağlı müraciətlər daha çoxdur: “Ümumiyyətlə bu günə qədər sıxlıq müşahidə olunan xidmətlərimiz şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportlarının dəyişdirilməsi və alınması ilə bağlıdır. Gündəlik təxminən 80-100 nəfər şəxsiyyət vəsiqəsi üçün, 30-40 nəfər isə ümumvətəndaş pasportu dəyişdirmək və yaxud almaq üçün müraciət edir”.

Yevlax rayon sakini Fazil Fazilzadə də səyyar “ASAN xidmət”in əmakdaşlarına şəxsiyyət vəsiqəsinin dəyişdiriməsi üçün müraciət edib. Göstərilən xidmətlərdən də razı qalıb: “Çox gözəl qarşılandım. Vəsiqəmi dəyişdim. Hər şeydən məmnunam. Əziyyət çəkmirik”.

Qeyd edək ki, Səyyar “ASAN xidmət” avtobusu noyabrın 2-nə qədər Yevlaxda olacaq. Bu müddətdə sakinlərə funksional yardımçı xidmətlər də təqdim ediləcək. Buraya tibb xidmətləri, o cümlədən qan qrupunun müəyyən edilməsi, bu barədə arayışların təqdim olunması, tərcümə xidməti, dövlət rüsumlarının və xidmət haqlarının qəbulu üçün göstərilən kassa xidmətləri də daxildir.

Aztv.az