Sahibkarlıq kreditləri üzrə təminata tələb aradan qaldırılıb

Sahibkarlıq kreditləri üzrə təminata tələb aradan qaldırılıb

7 Oktyabr, 21:03 Sosial mediada paylaşın:

Sahibkarlıq subyektləri istənilən ölkənin inkişafına təkan verən gücdür. Bu gücün irəliyə getməsi üçün əsas faktorlardan biri isə sahibkarların maliyyə mənbələrinə çıxış imkanıdır. Sözügedən imkanı genişləndirmək məqəsdi ilə Azərbaycanda daha bir addım atılıb. Söhbət sahibkarların götürdüyü kreditlərə dövlət zəmanəti üçün girov tələbinin aradan qaldırılmasından gedir.

Bu o deməkdir ki, kredit reytinqi modelinə əsasən aşağı risk kateqoriyasına aid edilən, təminat səviyyəsi qənaətbəxş olmayan sahibkarlar üçün İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə girovsuz sahibkarlıq kreditlərindən istifadə imkanları yaradılır.

Atılan addımla sahibkarların maliyyə resurslarına çıxış imkanları genişləndirilir. Bu isə iqtisadiyyatın şaxələndirilməsi, istehsal sahələrinin artırılması və qeyri-neft sektorunun inkişafı deməkdir.

Mövcud mexanizm çərçivəsində verilən sahibkarlıq kreditləri üzrə təminata dair tələblərin aradan qaldırılması daha çox sahibkarlıq subyektinin maliyyələşməsinə şərait yaradacaq.

Sözügedən yenilikdən banklara müraciət edərkən girovla bağlı yüksək tələblərlə rastlaşan və nəticədə kredit ala bilməyən kiçik və orta sahibkarlıq subyektləri faydalana bilər. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən mexanizmin təkmilləşdirilməsi məqsədilə dövri olaraq müvəkkil banklarla və sahibkarlarla görüşlər keçirilir. Bu sahədə beynəlxalq təcrübə araşdırılır,  təhlillər aparılır. 

 

Ayşəm Rüstəmova

 

 

CANLI YAYIM