Rusiya-Azərbaycan münasibətləri və “Valday” klubu - Azərbaycan bundan nə qazanır? - ŞƏRH

Rusiya-Azərbaycan münasibətləri və “Valday” klubu - Azərbaycan bundan nə qazanır? - ŞƏRH

7 Oktyabr, 18:09 Sosial mediada paylaşın:

Azərbaycanın yerləşdiyi regionda siyasi və iqtisadi cəhətdən balanslaşdırıcı mövqeyi, eləcə də təhlükəsizliyin təmin olunmasında əhəmiyyəti beynəlxalq miqyasda qəbul olunur. Dünyanın nəhəng siyasi gücləri də regionla bağlı layihələrin gerçəkləşməsində rəsmi Bakı ilə məsləhətləşir, Azərbaycanın mövqeyi ilə hesablaşırlar.

Ötən həftə Prezdent İlham Əliyevin Rusiya Federasiyasının rəhbəri Vladimir Putinin dəvəti ilə "Valday” Beynəlxalq Diskussiya Klubunun növbəti toplantısında iştirakı olduqca mühüm hadisə, Azərbaycanın mövqeyinə münasibətin ifadəsi idi.

“Valday” klubunda nələr müzakirə olunur?

“Valday” dünyanın, həmçinin regionun siyasi və iqtisadi sahələr üzrə aktual problemlərinin nəzərdən keçirildiyi, çıxış yollarının, optimal həllərin axtarıldığı platformadır. Bu platformada Azərbaycana yer ayrılması, onun mövqeyinin dinlənilməsi rəsmi Bakı ilə hesablaşmanın göstəricisidir.

2004-cü ildə yaradılan “Valday” Beynəlxalq Diskussiya Klubunun ilk konfransı Rusiyanın Velikiy Novqorod şəhərində, Valday gölünün sahilində keçirilib. Klubun adı da buradan götürülüb. Bu illər ərzində dünyanın aparıcı ekspertlərinin görüş yerinə çevrilən klub tədqiqatlarında qlobal siyasət və iqtisadi proseslərin araşdırılmasına xüsusi yer verir. İndiyədək klubun işində 74 ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndə, həmçinin dövlət və hökumət başçıları iştirak edib.

Oktyabrın 3-də klubun “Şərq şəfəqləri və dünya siyasi quruluşu” mövzusuna həsr olunmuş XVI illik iclasında dünyanın 40 ölkəsindən 150-dən çox nümayəndə iştirak edib. İclasda beynəlxalq təhlükəsizlik, dünya iqtisadiyyatı, regional sabitlik, iqlim dəyişiklikləri və digər aktual mövzularda fikir mübadiləsi aparılıb. Görüşün başlıca mövzularından biri beynəlxalq təhlükəsizlik olub.

Rusiya-Azərbaycan əlaqələri regiona nə verir?

Bəli, Rusiya ilə Azərbaycan arasındakı ikitərfli münasibətlər strateji tərfdaşlıqdan əlavə, regional təhlükəsizlik və inkişaf baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Statistika aydın təsəvvür yaradır: Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan Rusiyaya 1,2 milyard dollar, Rusiya isə Azərbaycana 4,6 milyard dollar həcmində sərmayə qoyub.

İki ölkə arasında əlaqələr ardıcıl olaraq şaxələndirilir. Siyasi, iqtisadi, nəqliyyat, energetika və humanitar sahələrdə fəal əməkdaşlıq Azərbaycan-Rusiya münasibətlərinin bugünkü palitrasını, strateji mahiyyətini tam ifadə edir, eyni zamanda dövlət başçıları arasında yüksək səviyyəli dialoq, şəxsi münasibətlər, əməkdaşlıq potensialının tam realizəsi üçün yeni imkanlar açır.

Bu əlaqələr isə şübhəsiz ki, hər iki ölkənin xalqlarına, eyni zamanda region ölkələrinə rifah gətirir. Birincisi, birgə iqtisadi layihələr istənilən hərbi təhdidin qarşısını alır. İkincisi, iqtisadi diversifikasiya sosial rifahı yaxşılaşdırır. Üçüncüsü, resurslardan səmərəli və qarşılıqlı fayda kəsb edən məzmunda istifadəni təşviq edir. Dördünücüsü, iqtisadi əlaqələr regional və beynəlxalq miqyaslı nəqliyyat infrastrukturunu möhkəmləndirir. Nəhayət, bu əlaqələr - yəni, dünyanın super gücü ilə bu cür iqtisadi tərəfdaşlıq,  şübhəsiz ki, həm də siyasi əhəmiyyət kəsb edir. Onu da nəzərə alaq ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçiliyi həyata keçirən ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir.

Nəqliyyat infrastrukturundan söz düşmüşkən, iki ölkə arasındakı əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat sahəsidir. 2018-ci ildə Şimal-Cənub dəhlizi vasitəsilə daşınmış yüklərin həcmi əvvəlki ildəkindən 8 dəfə çox olub. Prezident İlham Əliyev “Valday”dakı çıxışında həcmlərin hələlik böyük olmadığını, lakin dinamikanın güclü təsir bağışladığını diqqətə çatdırıb: “Onu da qeyd etmək istərdim ki, Şimal-Qərb dəhlizi də işə düşüb. Rusiyadan yüklər Azərbaycan ərazisindən keçməklə həm cənub, həm də qərb istiqamətində göndərilir. Bu, çox cəhətdən onun sayəsində mümkün olur ki, biz tarif siyasətimizi razılaşdırmışıq və son vaxtlar Azərbaycanda müasir nəqliyyat infrastrukturuna böyük sərmayə yatırılıb”.

Vüsal Məmmədov

CANLI YAYIM