ABŞ və Avropanın Azərbaycan məhsullarına marağı artacaq - PROQNOZ

ABŞ və Avropanın Azərbaycan məhsullarına marağı artacaq - PROQNOZ

7 Oktyabr, 17:15 Sosial mediada paylaşın:

2019-cu ilin 8 ayında Azərbaycanda ümumdaxili məhsul 2,4 faiz artıb. Bu artım daha çox qeyri-neft sənayesində özünü göstərir. Xüsusilə kənd təsərrüfatına dövlət dəstəyinin daha da gücləndirilməsi nəticəsində 6,2 faizlik artıma nail olunub.

Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları böyük ixrac potensialına malikdir. Bundan sonra ABŞ və Avropa ölkələrinin Azərbaycandan qida məhsullarının idxalına daha yaxından maraq göstərəcəyi proqnozlaşdırılır.

Azərbaycanda aqrar sahədə dövlət dəstəyinin daha da gücləndirilməsi, subsidiyaların, güzəştli kreditlərin ayrılması nəticəsində sahibkarlıq subyektlərinin, emal müəssisələrinin sayı artır. Bu isə ilk növbədə məhsulların keyfiyyəti baxımından rəqabəti daha da artırır. Digər tərəfdən dövlət başçısının yerli əhalinin təhlükəsiz ərzaqla təminatına xüsusi diqqət yetirməsi, bununla bağlı vəziyyəti birbaşa nəzarətdə saxlaması ölkəmizdə ərzaq təhlükəsizliyi fəlsəfəsini keyfiyyətcə yeni mərhələyə yüksəldib. Prezident İlham Əliyevin fərmanı ilə Qida təhlükəsizliyi agentliyinin yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyinin daim diqqətdə saxlanmasıdır.

Ölkədə istehsal və ixrac olunan qida məhsullarının təhlükəsizliyi və keyfiyyəti Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında yoxlanılır. Burda ən müasir standartlara cavab verən avadanlıqlar vasitəsilə nümunələr üstündə sınaqlar aparılır.

Təbii ki, bu laboratoriyaların qurulması həm də ölkəmizə idxal olunan məhsulların təhlükəsizliyinin yoxlanılmasında da mühüm rol oynayır. Görülən işlər onu deməyə əsas verir ki, əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu məqsədlə ölkədə fəaliyyət göstərən laboratoriyaların sayı artırılır, onların maddi-texniki bazası zənginləşdirilir. Bu həm də dünya bazarlarına ixrac olunan məhsulların keyfiyyətinin  müvafiq standartlar əsasında qiymətləndirilməsi deməkdir.

AQTİ-nin əməkdaşı Aysel Cəlilova deyir ki, həm ixrac olunan, həm də ölkəyə daxil olan məhsulların təhlükəsizliyinin təmin edilməsində labarator müayinələrin gün-gündən beynəlxalq standartlara uyğunlaşdırılması əsas məqsədlərdən biridir: “Bu səbəbdən də İtalyadan və Türkiyədən mütəxəssislər dəvət edilmişdir və müxtəlif metodlar üzrə, cihazlar üzrə əməkdaşlarımız təlimləndirilirlər”.

Xarici təcrübənin öyrənilməsi və tətbiqi, xüsusilə laboratoriyaların aparıcı standartlara uyğunlaşdırılması spesifik tələbatın olduğu bazarlara da ixrac imkanını artıracaq.

Türkiyə Standartlar İnstutunun mütəxəssisi Murat Kavruk: “Laboratoriyadakı cihazların düzgün istifadə edilməsi ilə bağlı müzakirələr apardıq. Azərbaycan bazarında olan məhsulların, eləcə də idxal, ixrac məhsullarının müayinəsini ilə bağlı işlər həyata keçirəcəyik”

Növbəti mərhələdə isə ən mürəkkəb sınaqlardan biri olan qida məhsullarında dioksinlərin, bifenillərin, eləcə də digər maddələrin müayinələrinin aparılması planlaşdırılır. Bu isə Avropa və Amerika Birləşmiş Ştatları bazarlarına “Made in Azerbaijan“ məhsullarının daha rahat şəkildə çıxarılmasına şərait yaradacaq.

Aztv.az

 

CANLI YAYIM