Daşkənddə Türkdilli ölkələrin ilk biznes və investisiya forumu keçirilib

Daşkənddə Türkdilli ölkələrin ilk biznes və investisiya forumu keçirilib

5 Oktyabr, 21:18 Sosial mediada paylaşın:

Özbəkistanın paytaxtı Daşkənddə Türkdilli ölkələrin birinci biznes və investisiya forumu keçirilib. Forum çərçivəsində baş tutan işgüzar görüşlərdə üzv ölkələr arasında  qarşılıqlı investitsiya layihələri müzakirə edilib.

55 nəfərdən ibarət Azərbaycan nümayəndə heyətinə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev rəhbərlik edir. Özbəkistan Baş Nazirinin müavini, maliyyə naziri Jamşid Kuçkarov bu ölkələr arasında inteqrasiya və sərmayə qoyuluşu sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsindən danışıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev Özbəkistanın bu quruma üzv olmasını mühüm hadisə adlandırıb, bundan sonra üzv ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində görüləcək işlərdən danışıb. O, oktyabrın 14-15-də Bakıda Türk Şurasının Zirvə görüşünün keçiriləcəyini bildirib, buraya Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin də qatılacağını vurğulayıb.

ASK-nın prezidenti M.Musayev isə bildirib ki, ümummilli lider Heydər Əliyevin dövlətçiliyin, yeni iqtisadi sistemin yaranmasını təmin edən və milli maraqlara cavab verən siyasi kursunun Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilməsi nəticəsində son illər Azərbaycanda genişmiqyaslı iqtisadi islahatlar həyata keçirilir. O deyib ki, son illərdə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkə iqtisadiyyatının inkişafına əsaslı dərəcədə təsir göstərir.

M.Musayev vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar və qeyri-neft sektorunun inkişafına xüsusi diqqət nəticəsində bu ilin 6 ayında qeyri-neft sənayesi 15,7 faiz, ticarət dövriyyəsi 20 faizdən çox artıb. Azərbaycanın qeyri-neft ixracı 15 faiz, kənd təsərrüfatı məhsullarının istehsalı isə 13 faiz yüksəlib: “Qazanılan uğurlar, ölkəmizdəki əlverişli biznes və investisiya mühiti beynəlxalq reytinq təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və 10 ən islahatçı ölkə sırasına daxil edilib”.

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsindən danışan M.Musayev deyib: “Ölkələrimiz arasında ticarət dövriyyəsi ötən il 43,9 milyon ABŞ dolları təşkil edib. Bu, 2017-ci illə müqayisədə 46,3 faiz artım deməkdir. Bu tendensiya cari ildə də davam etməkdədir. Belə ki, bu ilin 7 ayı ərzində Özbəkistan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 83 faiz artaraq 38,6 milyon dollara çatıb”.

Tədbirdə digər ölkələrin nümayəndələri də çıxış edib, əlaqələrin daha da genişləndirilməsi istiqamətində həyata keçiriləcək layihələrdən danışıblar. Biznes forum çərçivəsində Türk dünyasının biznesmenləri ikitərəfli görüşlər keçiriblər.

Biznes forumda Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.

CANLI YAYIM