AŞPA-nın payız sessiyasının iclası Azərbaycanın sədrliyi ilə keçirilib - VİDEO

AŞPA-nın payız sessiyasının iclası Azərbaycanın sədrliyi ilə keçirilib - VİDEO

4 Oktyabr, 20:22 Sosial mediada paylaşın:

Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının növbəti iclası Azərbaycanın sədrliyi ilə keçirilib. Müzakirələr zamanı ölkəmizdə hökm sürən milli, dini tolerantlıq şəraiti yüksək qiymətləndirilib. Qeyd olunub ki, regiondakı bütün xalqların sülh və əmin-amanlıq şəraitində yaşamasına yeganə maneə Dağlıq Qarabağın işğal faktıdır.

Fərqli etnik qrupların, harmoniyada, sülh şəratində yaşadığı Azərbaycan, bu gün çoxsaylı milli, dini münaqişələrlə çalxalanan dünya üçün, eləcə də, xaotik həddə çatmış miqrant problemini həll etməkdə aciz olan Avropa üçün, tolerantlığın modeli rolunu oynayr. Avropa Şurası Parlament Assambleyasının Payız sessiyası çərçivəsində Yəhudi mədəni irsinin qorunması mövzusuna həsr edilmiş müzakirələrdə ölkəmizin dəfələrlə nümunə göstərilməsi də bunun məntiqi nəticəsi idi.

Avropalı parlamentarilərin diqqətinə çatdıdırldı ki, bu gün yalnız paytaxt Bakıda deyil, Azərbaycanın müxtəlif bölgələrində, Qubada, Oğuzda, Sumqayıtda sinaqoqlar fəaliyyət göstərməkdə, ölkə boyu yaşı yüzillərlə ölçülən neçə-neçə yəhudi məzarlığı ehtiramla qorunmaqdadır. Azərbaycanda yəhidilərin yetərincə fəal olan Azərbaycan-İsrail icması, Dağ Yəhudilərinin icması, Avropa yəhudiləri icması, Gürcü-yəhudi icması, Yəhudilərin Qadın Humanitar Assosiasiyası kimi nümunəvi təşkilatları var. İclasda, hazırda ölkəmizdə milli azlıqların etnik dəyərlərinin qorunması, cəmiyyətə uğurlu inteqrasiyası üçün atılan addımlar, həyata keçirilən layihələr haqqında da ətraflı məlumat verildi.

Regiondakı bütün xalqların  dinc şəraitdə yaşamasına, inkişafına yeganə maneə isə Ermənistanın işğalının davam etməsidir. 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarının 20 faizi qanunsuz silahlı qruplaşmamaların nəzarətindədir. Bu ərazilərdəki hər üç səmavi dinə mənsub abidələr, məzarlıqlar məhv edilib.

Təkcə Azərbaycan yox, dünyanın Avropa Şurasından qitədəki bir sıra problemlərə, o cümlədən Dağlıq Qarabağın işğalı faktına obyektiv münasibət gözlədiyi bir vaxtda, erməni mediasında Parlament Assambleyasının ölkəmiz üzrə həmməruzəçisi Stefan Şennakın qondarma rejimin ombudsmani ilə görüşməsi xəbəri yayıldı. Sözügedən məsələ ilə bağlı Azərbaycan Televiziyasına müsahibəsində Stefan Şennak dedi ki, qondarma rejimin hər hansı nümayəndəsilə rəsmi görüşdən söhbət belə gedə bilməz. Bu, sadəcə erməni mediasının şişirtməsidir: "Mən dəhlizdə durmuşdum onu mənə təqdim etdilər. Bildim ki, o qondarma ombudsmandır. Mən nəzakətli insanam, salamını aldım, onun sözünü kəsmədim. O münaqişə zonalarında insanların üzləşdiyi problemlərdən danışdı və getdi. Mənə bəzi sənədlər verdi. Heç o sənədlərə baxmamışam. Ermənistan mediasının yazdıqları doğru deyil".

Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağla bağlı Soçidə səsləndirdiyi bəyanat, Avropa Şurası Parlament Assambleyasında da qızğın müzakirələrə səbəb olub. Avropalı Parlamentarilər bu bəyanatı, Azərbaycanın münaqişə ilə bağlı qəti mövqeyi kimi qiymətləndirirlər. Bu, Bir daha göstərir ki, öz xalqının tam dəstəyinə arxalanan, verdiyi bəyanatın arxasında duracaq qədər güclü dövlətə, orduya rəhbərlik edən liderin bircə nidası, papulyarlığını qorumaq üçün məsuliyyətsiz sözlər danışan, yallı gedən, bir sözlə hər şeyə hazır olan siyasi avanturistin bütün fəaliyyətindən daha ciddi qəbul edilir. Beləcə, Avropa Şurası Parlament Assambleyasının Payız sessiyası, ölkəmiz üçün müsbət notlarla yekunlaşdı.

Elzar Ağayev

Azərbaycan Televiziyasının Qərbi Avropa bürosu

Strasburq, Fransa

 

CANLI YAYIM