Danimarkada maskadan istifadə məcburiyyəti aradan qaldırılır

Danimarkada maskadan istifadə məcburiyyəti aradan qaldırılır

27 Yanvar, 10:34 Sosial mediada paylaşın:

Son vaxtlar bir sıra ölkələr pandemiya ilə əlaqədar tətbiq olunan sərt tədbirləri yumşaltmağa başlayıb. İtaliya ölkəyə gələnlərlə bağlı məhdudiyyətləri, Danimarka isə əksər karantin tədbirlərini aradan qaldırır. 

İtaliya Avropa İttifaqı ölkələrindən gələnlər üçün COVID-19-la bağlı məhdudiyyətləri yumşaldacaq. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, fevralın 1-dən etibarən ölkə ərazisinə daxil olmaq üçün “yaşıl sertifikat” yetərli olacaq. Müvafiq arayışı olan şəxslər karantində qalmalı olmayacaqlar. Sözügedən sənəd peyvənd olunmuş, xəstəliyi keçirmiş və ya test nəticəsi neqativ olan şəxslərə verilir. İndiyədək “omikron” ştamına yoluxmaların artması ilə əlaqədar İtaliyaya gələn hər kəsdən neqativ test nəticəsi, peyvənd olunmamış şəxslərdən isə 5 gün karantində qalmaq tələb olunurdu.

Danimarka hökuməti də pandemiya ilə əlaqədar tətbiq olunan əksər məhdudiyyətlərin ləğv ediləcəyini açıqlayıb. Fevralın 1-dən etibarən muzey, restoran, kafe və gecə klublarına giriş sərbəst olacaq. Maskadan istifadə məcburiyyəti də aradan qaldırılacaq. Hazırda ictimai nəqliyyat, mağaza, xəstəxana və qocalar evlərində maskadan istifadə məcburidir. Fevralın 1-dən isə xəstəxana və qocalar evlərində qoruyucu maska taxmaq yalnız tövsiyə olunacaq.

Fərda Abasova

CANLI YAYIM