Dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumunda səkkiz bənddən ibarət Birgə Kommünike qəbul olunub.
Kommünikedə qeyd olunur ki, forum iştirakçıları BMT-nin 2030-cu il üçün Qlobal Gündəliyində göstərilən Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsini Nizami Gəncəvinin prizmasından yeni yanaşma ilə gücləndirmək təşəbbüsünü alqışlayır. Bu yanaşma dayanıqlı inkişaf məqsədlərini milli mədəniyyət, tarix və adət-ənənələrin bir hissəsi kimi təqdim edərək daha yaxşı icma sahibliyinə imkan verəcək.
Həmçinin Nizaminin böyük mədəni və zəngin fəlsəfi irsinin müasir dünyada güclü əks-səda doğurduğunu nəzərə alaraq, Forum iştirakçıları bu tədbirin mühüm dialoq platforması kimi müntəzəm olaraq Azərbaycanda keçirilməsini təklif ediblər.
Xatırladaq ki, noyabrın 26-na qədər davam edəcək Forumda dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran 15 xarici ölkədən 40-dan çox nüfuzlu beynəlxalq alim, tədqiqatçı və elm adamları, ekspertlərin, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edir.