52 ölkədən 150 yazar Bakıda - "LiFFt" FESTİVALLAR FESTİVALI BAŞLADI

52 ölkədən 150 yazar Bakıda - "LiFFt" FESTİVALLAR FESTİVALI BAŞLADI

1 Oktyabr, 15:36 Sosial mediada paylaşın:

Heydər Əliyev Mərkəzində Avrasiya materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festivallar festivalının açılışı olub. Festivalın təşkilatçıları Avrasiya Millətlər Assambleyası və Rusiya Federasiyasının "LiFFt" Beynəlxalq Humanitar Fondudur.

Azərbaycan tərəfdən həmtəşkilatçısı Heydər Əliyev Fondu olan layihənin əhəmiyyətindən danışan Xalq yazıçısı Anar Rzayev festivalı ədəbi bayram kimi dəyərləndirdi. Avrasiya Millətlər Assambleyasının direktoru Svetlana Konstantinova tədbirin təşkilində göstərdiyi dəstəyə görə, Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirdi. “LiFFt"in təşkilat komitəsinin sədri Marqarita Al bildirdi ki, Bakı festivalında 52 ölkədən 150 yazar iştirak edir. 

Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenov bu festivalın ədəbi mühitdə böyük rol oynayacağına inandığını diqqətə çatdırdı.

Sonra "LiFFt" festivallar festivalının bundan öncəki qalibləri çıxış etdilər. Ötənilki qalib, layihənin hazırkı baş koordinatoru Varis Yolçuyev Azərbaycan ədəbiyyatının dünyada sevildiyini bildirdi.

“Bu dəfə müsabiqəyə Azərbaycandan 403 müəllif qatılıb. Onlardan 30 nəfərin əsəri isə seçim turundan keçib” – deyə koordinator diqqətə çatdırdı.

Sonra 4-cü Avrasiya Festivallar Festivalının himni səsləndirildi və Festivalın bayrağı Azərbaycan tərəfinə təqdim olundu.

Oktyabrın 3-də yekunlaşacaq festival işini plenar iclaslarla davam etdirir. Festivalda Azərbaycan üzrə spiker qismində Xalq yazıçıları Anar, Elçin, Kamal Abdulla, Çingiz Abdullayev, Afaq Məsud və Natiq Rəsulzadə, akademik Nizami Cəfərov və rejissor Ramiz Fətəliyev çıxış edirlər.

Aztv.az
Fotolar APA İnformasiya Agentliyinindir

CANLI YAYIM