Azərbaycanda Avrasiya Xalqları Assambleyası Günləri başlandı

Azərbaycanda Avrasiya Xalqları Assambleyası Günləri başlandı

30 Sentyabr, 18:11 Sosial mediada paylaşın:

“Avrasiya Xalqları Assambleyası” Beynəlxalq Qeyri-Hökumət Təşkilatları İttifaqı sentyabrın 30-dan oktyabrın 5-dək Azərbaycanda Avrasiya Xalqları Assambleyası Günləri keçirir. Bununla əlaqədar, sentyabrın 30-da “Sputnik Azərbaycan” multimedia mətbuat mərkəzində mətbuat konfransı təşkil edilib.

“Avrasiya Xalqları Assambleyası”nın baş katibinin birinci müavini Svetlana Smirnova tədbirdə çıxış edib. O bildirib ki, bu təşkilatın məqsədi milliyyətindən və dini etiqadından asılı olmayaraq Avrasiya xalqlarının dostluğu və əməkdaşlığı, onların birləşməsi ideyalarını təbliğ etməkdir. Onun sözlərinə görə, Assambleya öz işini iki blok üzrə qurub: mədəniyyət, təhsil, elm və gənclərlə iş aparılmasını nəzərdə tutan humanitar əməkdaşlıq və Böyük Avrasiyanın əməkdaşlığına yönəlmiş biznes istiqaməti. O deyib: “Avrasiya Xalqları Assambleyası” Böyük Avrasiyaya daxil olan müxtəlif ölkələrdəki tərəfdaşları ilə əməkdaşlığın genişləndirilməsi, inteqrasiya proseslərinin və xalq diplomatiyası vasitələrinin köməyi ilə sülhyaratmanın güclənməsinə yönəlmiş layihə və tədbirlərin həyata keçirilməsi, mədəni-humanitar və iqtisadi əməkdaşlığın, millətlərarası və dinlərarası dialoqun genişləndirilməsinə, biznes tərəfdaşlığının inkişafına, yeni işgüzar əlaqələr yaradılmasına, təcrübə mübadiləsinə dair fəal iş aparır. Böyük Avrasiya regionu 105 ölkəni əhatə edir və onların hamısı ilə iş aparır. 44 ölkənin nümayəndələri isə bu təşkilatın üzvləridir”.

RF Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev vurğulayıb ki, ölkələrimiz arasında münasibətlər intensiv inkişaf edir, siyasi əlaqələr möhkəmlənir. Azərbaycan Rusiyanın Qafqazda ən etibarlı tərəfdaşıdır və bunu əməli işdə sübut edir. Ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf etməsi, əmtəə dövriyyəsinin artması göz qabağındadır. Məsələn, cari ilin ilk 8 ayı ərzində əmtəə dövriyyəsi 25 faiz artıb və mütəxəssislərin fikrincə, bu artım davam edəcəkdir”.

Avrasiya Xalqları Assambleyasının Baş Şurasının həmsədri, “Fransa-Rusiya dialoqu” assosiasiyasının vitse-prezidenti Bernar Loze (Fransa), Avrasiya Xalqları Assambleyasının Baş Şurasının həmsədri, Hindistan Milli Konqresinin milli katibi, siyasət və idarəetmə fondunun prezidenti Dalbir Sinqh (Hindistan), Rusiya Ali Məktəblərinin Azərbaycanlı Məzunları Assosiasiyasının sədri Üzeyir Əliyev, Avrasiya Xalqları Assambleyasının Yazıçılar və Oxucular Ədəbi Şurasının sədri, “LiFFt” Beynəlxalq Ədəbi Layihəsinin direktoru Marqarita Al və başqaları qeyd etdilər ki, Avrasiya Xalqları Assambleyası ən geniş dialoq və qarşılıqlı fəaliyyət üçün açıqdır. Avrasiya Xalqları Assambleyasının fəaliyyət planına Böyük Avrasiya ölkələrində müxtəlif layihələr və tədbirlər keçirilməsi daxildir. Fransa, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Bolqarıstan və Monqolustanda Avrasiya Xalqları Assambleyası Günləri keçirilməsi praktikası müsbət nəticələr verib.

Qeyd edək ki, Azərbaycanda Avrasiya Xalqları Assambleyası günləri çərçivəsində Avrasiya Xalqları Assambleyası Baş Şurasının rəyasət heyətinin iclası, “İkinci Dünya müharibəsi və Böyük Vətən müharibəsi haqqında tarixi yaddaşın qorunub saxlanması” mövzusunda beynəlxalq ictimai forum keçiriləcək, “Birlikdə qalib gəldik” adlı filmlər festivalı, “İdman xalqları birləşdirir” mövzusunda dəyirmi masa, Avrasiya dostluq gecəsi, “Avrasiya məkanında işgüzar əməkdaşlığın perspektivləri” mövzusunda beynəlxalq biznes forum, “Avrasiya məkanında mədəniyyətlərarası əməkdaşlıq” mövzusunda dəyirmi masa, “LiFFt-2019” IV Avrasiya Ədəbi Festivallar Festivalı, Avrasiya təhsil forumu, “Avrasiyanın yeni nəsli” gənclər forumu və digər tədbirlər keçiriləcək.

CANLI YAYIM